Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünə əsas mərhələdən başlayacaq.
Arena.az xəbər verir ki, yeni mövsümün püşkü iyulun 8-də, saat 14:00-da atılacaq.
Ümumilikdə 52 assosiasiyanı təmsil edən 56 klub qalib adı uğrunda yarışacaq. Onlardan ən aşağı reytinqə sahib olan 32 komanda oyunlara ilkin mərhələdən start verəcək. Onlar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünəcəklər. Mini-turnir şəklində keçiriləcək mərhələ matçlarının yekununda ancaq qrup qalibləri əsas mərhələyə yüksələcək və B yolunda mübarizəni davam etdirəcək. İlkin mərhələnin oyunları avqustun 25-dən 30-dək keçiriləcək.
Son qalib “Sportinq” (Portuqaliya) daxil olmaqla 24 iştirakçı əsas mərhələdən Çempionlar Liqasına start verəcək. Reytinq cədvəlinin 21-ci pilləsində yer alan “Araz-Naxçıvan” B yolunda yarışacaq. Reqlamentə görə reytin cədvəlinin 12-15 və 20-23-cü pillələrində 8 komandaya ilkin mərhələdə qrup qalibi olacaq 8 klub da qoşulacaq. Buradan yalnız bir komanda – qrup qalibi 1/8 finala vəsiqə qazanacaq.
B yolunda qrup oyunlarına ev sahibliyi edəcək klublar məlumdur. Polşanın “Piast Qlivice”, Serbiyanın “Lozniça-Qrad”, İtaliyanın “Torino” və Lüksemburqun “Differdanj” klubları bu istəklə UEFA-ya müraciət edib və müsbət cavab alıblar.
“Araz-Naxçıvan” 2-ci səbətdə yer alıb. Bu isə o deməkdir ki, təmsilçimiz “Torino”, “Differdanj” və “Atletik Futsal” (Ukrayna) ilə rəqib ola bilməyəcək. Belədə komandamızın yer aldığı qrupun oyunları Polşa və ya Serbiyada təşkil olunacaq. Əsas mərhələnin oyunları oktyabrın 27-dən noyabrın 1-dək keçiriləcək.


