Futbol üzrə Kosovo milli komandasının hücumameyilli yarımmüdafiəçisi Arber Zeneli Türkiyənin “Adana Dəmirspor” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu bundan sonra İsveçin “Elfsborq” klubunun formasını geyinəcək.
Bu barədə İsveç klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Yarımmüdafiəçi azad agent kimi qoşulduğu “Elfsborq”la müddəti 2027-ci ilin 31 dekabrına kimi nəzərdə tutulmuş müqavilə bağlayıb.
“Elfsborq” Arber Zeneli üçün doğma klubdur. O, peşəkar karyerasına 2014-cü ildə məhz bu klubda başlayıb. 2016-cı ildə isə 1,95 milyon avro qarşılığında Niderland təmsilçisi “Herenven”ə keçib. 2019-cu ildə Fransanın “Reyms” klubu “Herenven”ə 4 milyon avro ödəyərək Zenelini heyətinə qatıb. Yarımmüdafiəçi “Adana Dəmirspor”a 2023-cü ilin sentyabrında cəlb olunmuşdu. O, Türkiyə klubunun heyətində cari mövsümdə 13 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Zeneli vaxtilə “Elfsborq”da keçirdiyi 62 oyunda 14 qol və 12 məhsuldar ötürmə müəllifi olub.
İsveçdə dünyaya gəlmiş, bu ölkənin U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında oynamış Arber, 2016-cı ilin oktyabr ayından Kosovo milli komandasında forma geyinir. 29 yaşlı futbolçu Kosovo yığmasının heyətində meydana çıxdığı 33 oyunda 9 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Sonda onu da xatırladaq ki, “Adana Dəmirspor”da Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev də çıxış edir.