İngiltərə Premyer Liqasında mübarizə aparan “Aston Villa”nın avtobusu futbol xuliqanlarının hücumuna məruz qalıb.
Arena.az “Inews”a istinadən məlumat verir ki, hadisə dünən, “Aston Villa”nın İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində “Börnli”yə qarşı keçirdiyi oyundan (3:1) sonra baş verib.
Xuliqanlar “Aston Villa”nın klub avtobusunun ön şüşəsinə kərpic ataraq nəqliyyat vasitəsini zədələyiblər.
Xoşagəlməz hadisə “Aston Villa”nın avtobusu “Börnli”nin “Törf Mur” stadionundan evə qayıdan zaman, M65 yolunda baş verib. Qəfildən baş vermiş hadisə nəticəsində xəsarət alan olmayıb.
Yerli polis və “Börnli” müvafiq xoşagəlməz hadisədən “kədərləndiklərini və məyus olduqlarını” bildiriblər. Hazırda səlahiyyətlilər hadisəni araşdırırlar. Polis avtobusa hücumun qabaqcadan müəyyən edilmiş hədəf olub-olmadığını hələ deyə bilməyəcəyini bəyan edib.
“Aston Villa” 3:1 hesablı qələbə sayəsində Premyer Liqanın turnir cədvəlində 6 xalla 7-cı sırada qərarlaşıb. “Börnli” isə Premyer Liqada keçirdiyi hər iki oyunda məğlub olaraq, turnir cədvəlinin 18-ci sırasındadır. “Börnli”nin ehtiyatda bir oyunu var.



