“Qəbələ”nin zədəli futbolçularından ikisi – qapıçı Kristof Atanqana və yarımmüdafiəçi Ahmed Ayzaya sıraya dönüb.
Arena.az bu barədə əyalət təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat verir.
“Qəbələ” Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Sumqayıt”ın qonağı olacaq. Bu komandalar arasındakı görüş Sumqayıtda keçiriləcək.
Səfər matçının hazırlığında “qırmızı-qaralar”ın 3 futbolçusu iştirak etməyib. Asif Məmmədov və Fares Abu Akel bərpa prosesini davam etdirirlər.
Emil Səfərov isə məşqdə zədələnib. Yarımmüdafiəçinin ayaq biləyinin oynaq bağlarında zədə var. Bu üzdən də o, qarşıdakı həftə ərzində bərpa prosesi keçəcək.
Bir müddət öncə əməliyyat olunmuş qapıçı Kristof Atanqana isə sağalıb və komandaya qoşulub. Ötən oyunda zədə səbəbindən meydana çıxmayan Ahmed Ayzaya da qarşıdakı matçda iştirak edəcək.
Xatırladaq ki, sabah “Sumqayıt Arena”da keçiriləcək “Sumqayıt” – “Qəbələ” matçına saat 16:00-da start veriləcək.
Bu oyun iki rəqib arasında 48-ci duel kimi tarixə düşəcək. Komandalar indiyədək 47 matçda qarşılaşıblar. “Qırmızı-qaralar” bu qarşılaşmalarda böyük üstünlüyə malikdir. Hesabında 27 qələbə olan “Qəbələ” 14 heç-heçə edib və 6 dəfə məğlub olub. Rəqib qapısından 74 top keçirən “Qəbələ” 36 qol buraxıb. “Qəbələ” son 10 görüşdə meydandan qolsuz ayrılmayıb.
Premyer Liqa çərçivəsində baş tutan 44 görüşdə 25 dəfə üç xal qazanan “Qəbələ” 13 sülhə imza atıb. 6 matçda isə “Sumqayıt” qalib gəlib. Çempionat oyunlarındakı top fərqi 71-35-dir.
Səfər matçlarında da üstünlüyə malik olan “qırmızı-qaralar” rəqib meydanındakı 21 oyunda 9 dəfə qalib gəlib. 8 qarşılaşma heç-heçə bitib. Digər 4 matçda meydan sahibləri üç xala seviniblər. Səfərdə 31 top vuran “Qəbələ” futbolçuları 20 top buraxıblar.


