Avropa çempionatı: Ceyhun erməniyə qalib gəlib, çempion oldu

İspaniyanın Santyaqo de Kompostela şəhərində 20 yaşadək güləşçilər arasında keçirilən U-20 Avropa çempionatı başa çatıb.

Arena.az xəbər verir ki, altıncı yarış günündə 61, 74, 86, 92 və 125 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulmuşdular.

Sonuncu yarış günündə bu çəki dərəcələri üzrə qaliblər müəyyənləşib.

Ceyhun Allahverdiyev (61 kq) macarıstanlı Joltan Mişeyə (11:1), bolqarıstanlı Denis Naimə (10:0) və ispaniyalı Mark Alvaresə (11:0) tam üstünlüklə qalib gələrək finala yüksəlmişdi. Ceyhun bu gün həlledici görüşdə ermənistanlı Levik Mikayelyanla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada 2:0 hesablı qələbəyə sevinən pəhləvanımız Avropa çempionu olub.

Timur Gülmaqomedov (86 kq) polşalı Filip Blaşçikə 4:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda ermənistanlı Muşeq Mkrtçyana sonuncu xal prinsipinə (3:3) əsasən məğlub olmuşdu. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz təsəlliverici görüşdə iştirak imkanı qazanmışdı. Gülmaqomedov bu gün macarıstanlı Peter Jivnovskiyə çətinlik çəkmədən qalib gəlib – 12:1. Ancaq Timur ukraynalı İvan Çornohuzla görüşdə 3 dəfə cərimə xalı aldığı üçün 5-ci yerlə kifayətlənməli olub.

Mübarizəyə 1/4 finaldan qoşulan Yusif Dursunov (125 kq) finlandiyalı Matias Katayanı (10:0) vaxtından əvvəl yolundan kənarlaşdırmışdı. Ağstafa güləş məktəbinin yetirməsi yarımfinalda da ukraynalı Vladimir Koçanovdan güclü olmuşdu – 4:0. Yusif bu gün finalda türkiyəli Hakan Böyükçınqılla üz-üzə gəlib. 1:8 hesabıyla məğlub olan güləşçimiz gümüş medalla kifayətlənib.

Bununla da iyunun 26-dan start götürmüş U-20 Avropa çempionatı yekunlaşıb. Sərbəst güləş yığmamız qitə birinciliyini 6 medalla (2 qızıl, 1 gümüş, 3 bürünc) başa vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: