Avropa çempionatı: Güləşçilərimizdən 3 gümüş, 5 bürünc medal

Macarıstanın Kapoşvar şəhərində 15 yaşadək güləşçilər arasında təşkil olunmuş U-15 Avropa çempionatı davam edir.

Arena.az xəbər verir ki, ikinci yarış günündə sərbəst güləşçilər mübarizəyə qoşulmuşdular.

Bu gün isə qalib müəyyənləşib.

Fərid, İsa və Amin “gümüş”lə kifayətləndi

52 kq

Fərid Ağazadə kosovalı Con Ramadaniyə (11:2), litvalı Klaydas Dildaya (10:0) və fransalı Alixan Kaxriyevə (13:5), Hüseyn İsmayılov isə belaruslu Yaqor Daroşkaya (9:2), polşalı Vojçiex Barexaya (6:0) və türkiyəli Muhammet Doğana (8:0) qalib gələrək yarımfinala vəsiqə qazanmışdılar. Milli üzvləri finalın bir addımlığında üz-üzə gəlmişdilər. Hüseyn Fəridi 4:2 hesabıyla üstələyərək finala yüksəlmişdi. İsmayılov həlledici görüşdə rusiyalı Baysanqur Osmayevlə bacarmayıb (0:7) və gümüş medalla kifayətlənib.

57 kq

İsa Yusibov rumıniyalı Mark Kelemenə (11:0), yunanıstanlı Pavlos Ntiantiadisə (11:0), türkiyəli İsmayıl Mertkolluya (tuş) və ermənistanlı Davit Davtyana (tuş) tam üstünlüklə qalib gələrək finala vəsiqə qazanmışdı. Yusibov bu gün qızıl medal uğrunda rusiyalı Tuncay Verdiyevlə görüşdən 5:10 hesabıyla məğlub ayrılaraq Avropa ikincisi olub.

85 kq

Amin Nəsibov startda belaruslu Timur Sakirkinə (10:0), Hakim Tağıyev isə latviyalı Ernests Stabinsə (5:2) gücünü göstərmişdi. 1/4 finalda komanda yoldaşına şans tanımayan (10:0) Nəsibov yarımfinalda türkiyəli Beytullah Sarını (8:5) da məyus edərək adını finala yazdırmışdı. Amin bu gün həlledici görüşdə rusiyalı Kantemir Qiqiyevə müqavimət göstərə bilməyib – 0:10. Belədə Nəsibov da gümüş medalla kifayətlənib.

Milli üzvlərindən 5 “bürünc”

41 kq

Rəşid Nazarov moldovalı İvan Boqdana və belaruslu Aleksandr Medvedevə 10:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlmişdi. Finalın bir addımlığında isə Çingiz Sarıqlara “tuş”la məğlub olmuşdu. Nazarov bu gün gürcüstanlı Levan Nozadze (10:0) üzərində vaxtından əvvəl qələbə qazanaraq üçüncü yeri tutub.

44 kq

Ruslan Əlizadə belçikalı Amir Xaniqova (11:1) və fransalı Rinat Abuxadjiyevə (10:0) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlmişdi. Ancaq bu mərhələdə rusiyalı Sultan Rajbadinov keçilməz olmuşdu – 1:12. Əlizadə bu gün moldovalı Daniel Neqrunu 6:2 hesabıyla üstələyərək bürünc medala sahib çıxıb.

48 kq

Həsən Həsənov 1/8 finalda rusiyalı Malik Salatayevə 0:4 hesabıyla məğlub olmuşdu. Bu gün təsəlliverici görüşlərdə fransalı Bayssanqur Bitmurzayevlə (5:1) israilli Lior Şmulkodan (10:0) güclü olan Həsənov bürünc medal uğrunda mübarizədə moldovalı Viktor Vdoviyə qalib gəlib – 7:1.

62 kq

Nihad Abasov belaruslu Kiril Pavlyuçenkaya 10:0 hesabıyla qalib gələrək 1/8 finala yüksəlsə də, ermənistanlı Yegişe Mosesyanla bacarmamışdı – 11:17. Təsəlliverici görüşdə bu gün finlandiyalı Onni Lahikayneni (14:1) çətinlik çəkmədən mübarizədən kənarlaşdıran Abasov rusiyalı Maqomed Cenaraliyevə də gücünü göstərərək (7:3) bürünc medalı boynundan asıb.

68 kq

Rəşad Veysəlov 1/8 finalda rusiyalı İdris Albekova 2:5 hesabıyla məğlub olmuşdu. Veysəlov bu gün bolqarıstanlı Nikifor Petrovla ermənistanlı Papik Nersisyana 10:0 hesabıyla qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

75 kq

Hüseyn Məmmədtağızadə 1/8 finalda rusiyalı Arkadi Çerkaşinə (1:12), Nihad Quliyev isə eyni mərhələdə bu ölkənin digər təmsilçisi İslam Abasuva (2:3) uduzmuşdu. Quliyev bu gün təsəlliverici görüşdə türkiyəli Bera Koça da məğlub olub – 0:4. Məmmədtağızadə polşalı Aleksandr Bielskini (8:1) yolundan kənarlaşdırsa da, rumıniyalı Maqor Lorintslə “bürünc” mübarizəsindən məğlub ayrılıb – 1:8.

Beləliklə, sərbəst güləşçilər Avropa çempionatında 3 gümüş və 5 bürünc medal qazanıb.

Qeyd edək ki, U-15 Avropa çempionatı sabah – avqustun 9-da başa çatacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: