İspaniyanın Santyaqo de Kompostela şəhərində 20 yaşadək güləşçilər arasında təşkil olunmuş U-20 Avropa çempionatı davam edir.
Arena.az xəbər verir ki, üçüncü yarış günündə qadın güləşi üzrə millinin 4 üzvü mübarizəyə qoşulmuşdu. Bu gün isə bu növdə ilk qaliblər müəyyənləşib.
Əsmər Cankurtaran (50 kq) təsnifat mərhələsində türkiyəli Zerda Demirə minimal fərqlə (6:7) məğlub olmuşdu. Rəqib finala qədər yüksəldiyi üçün Cankurtaran təsəlliverici görüşdə iştirak hüququ qazanmışdı. Bu mərhələdə macarıstanlı Bianka Fata (15:5) tam üstünlüklə qalib gələn Əsmər isveçrəli Svenya Junqonu da 9:6 hesabıyla üstələyərək bürünc medal qazanıb.
Ruzanna Məmmədova (55 kq) moldovalı Lina Nitaya “tuş”la qalib gəlsə də, 1/4 finalda rumıniyalı Karla Lirkaya uduzmuşdu – 4:5. Rəqibin finala yüksəlməsi Məmmədovaya üçüncülük uğrunda mübarizə aparmaq imkanı yaradıb. Ruzanna norveçli Felisitas Domayevaya gücünü göstərərək (9:6) bürünc medal əldə edib.
Firuzə Məcidova (59 kq) təsnifat mərhələsində polşalı Aleksandra Vitoşa “tuş”la məğlub olmuşdu. Bu üzdən onun üçün mübarizə elə ötən gün yekunlaşmışdı.
Mərziyə Sadıqova (68 kq) isə serbiyalı Emiliya Yakovlyeviçə “tuş”la qalib gəlsə də, 1/4 finalda yunanıstanlı Nikoleta Barmpaya 6:8 hesabıyla uduzmuşdu.
Bu gün – dördüncü yarış günündə həm də qadın güləşi üzrə millinin son 3 üzvü mübarizəyə qoşulub.
Gültəkin Şirinova (53 kq) fransalı Lauri Lesaffreyə (14:4), slovakiyalı Kristina Basixə (14:6) və türkiyəli Emine Çakmaka (4:1) qalib gələrək Avropa çempionatının finalına yüksəlib. Gəncə güləş məktəbinin yetirməsi finalda ukraynalı Mariya Yefremova ilə qarşılaşacaq.
Nərgiz Səmədova (57 kq) bolqarıstanlı Nesrin Süleymanovaya (3:0) və xorvatiyalı Lana Noqiçə (11:1) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Səmədova finalın bir addımlığında ukraynalı Alina Filipoviçlə bacarmayıb – 0:11. Mingəçevir güləş məktəbinin yetirməsi bürünc medal uğrunda Tindra Dalmir (İsveç) – Şevval Çayır (Türkiyə) görüşünün qalibiylə güləşəcək.
Fatimə İsayeva (65 kq) təsnifat mərhələsində macarıstanlı Eniko Elekeşə “tuş”la məğlub olub. Rəqib finala yüksəldiyi üçün İsayeva təsəlliverici görüşdə serbiyalı Maşa Peroviçlə üz-üzə gələcək.
Xatırladaq ki, Avropa çempionatı iyulun 2-nə qədər davam edəcək. Son üç gündə sərbəst güləşçilər qüvvəsini sınayacaqlar.


