Bu gün Macarıstanın Kapoşvar şəhərində 15 yaşadək güləşçilər arasında təşkil olunmuş U-15 Avropa çempionatı start götürüb.
Arena.az xəbər verir ki, ilk yarış günündə qızlar mübarizəyə başlayıblar.
Əfsanə İslamova (39 kq) təsnifat mərhələsində Lara Blazekoviçə “tuş”la məğlub olub.
Nəzrin Əhmədli (42 kq) polşalı Nina Mayşraka 5:4, rumıniyalı Elektra Qarayakuya isə 8:7 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Nəzrin finalın bir addımlığında rusiyalı Yelizaveta Krılovaya “tuş”la uduzub. Əhmədli bürünc medal uğrunda Emine Ayrac (Türkiyə) – Mariya Qkika (Yunanıstan) görüşünün qalibiylə qarşılaşacaq.
Esra Məmmədli (46 kq) xorvatiyalı Ayla Kadriyiyə və rumıniyalı Orsolya Soverə “tuş”la qalib gəlib. Məmmədli daha sonra rusiyalı Polina Boçkarevanı 3:2 hesabıyla üstələyərək yarımfinala yüksəlib. Esra belaruslu Ella Sudkoya tam üstünlüklə (10:0) qalib gəlib. Məmmədli sabah finalda macarıstanlı Mariya Jitovozla güləşəcək.
Fidan Babayeva (58 kq) təsnifat mərhələsində macarıstanlı Sofi Ritterə müqavimət göstərə bilməyib – 0:10. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz mübarizəni davam etdirmək şansı qazanıb. Babayeva təsəlliverici görüşdə rusiyalı Liliya Yermoxinayla üz-üzə gələcək.
Milana Bağırzadə (62 kq) 1/4 finalda macarıstanlı Reka Bereçkiyə 0:3 hesabıyla uduzub.
Xatırladaq ki, bu çəki dərəcələrində təsəlliverici və medal görüşləri iyulun 7-də keçiriləcək.
U-15 Avropa çempionatı iyulun 9-na qədər davam edəcək. Azərbaycan qitə birinciliyində güləşin hər üç növü (qadın güləşi, sərbəs güləş, yunan-Roma güləşi) üzrə bütövlükdə 31 idmançı ilə təmsil olunur.


