Avropa çempionatı: İsa 1-ci, Tehran 4-cü oldu

Fevralın 12-dən etibarən Bolqarıstanın paytaxtı Sofiya şəhərində təşkil olunmuş ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir.

Arena.az xəbər verir ki, 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) qatıldığı yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edirlər.

Bu gün onlardan daha ikisi – Tehran Məmmədov və İsa Rüstəmov da körpücük üzərinə qalxıblar. Onlar 67 kq çəki dərəcəsinin B qrupunda qüvvələrini sınayıblar.

Tehran toplam 275 kq (125+150) nəticə ilə bu qrupda 4-cü olub. İsa toplam 299 kq (137+162) nəticə ilə bu qrupda 1-ci olub.

Atletlərimizin yekun sıralamadakı yeri bu çəki dərəcəsinin A qrupunda çıxışlar başa çatandan sonra məlum olacaq.

Sofiyadakı Avropa çempionatı fevralın 20-də başa çatacaq. Azərbaycan millisi qitə birinciliyinə 9 atletlə yollanıb. Millimizin üzvlərindən daha öncə Nazilə İsmayılova qüvvəsini sınamış və yekun sıralamada 11-ci yerlə kifayətlənmişdi.