Albaniyanın paytaxtı Tiranada 17 yaşadək güləşçilər arasında təşkil olunmuş (U-17) Avropa çempionatı davam edir.
Arena.az xəbər verir ki, ikinci yarış günündə 45, 51, 60, 71 və 92 kq-da yer alan yunan-Roma güləşçiləri xalçaya çıxmışdı.
Ötən gün Turan Daşdəmirov (45 kq) yunanıstanlı Atanasios Tsinias (9:0), gürcüstanlı Jaba Bolkvadze (9:1) və ermənistanlı Yurik Mxitaryan (8:0) üzərində inamlı qələbə qazanaraq finala yüksəlmişdi. Bu gün həmyerlimiz həlledici görüşdə rusiyalı Rüstəm Abatsiyevə də 7:4 hesabıyla qalib gələrək Avropa çempionu olub.
Mübarizəyə 1/4 finaldan qoşulan Əli Seyidəlili (51 kq) fransalı Nolan Pissoçeri çətinliklə üstələmişdi – 2:1. Yarımfinalda isə macarıstanlı Peter Totok keçilməz olmuşdu – 0:5. Seyidəlili bu gün bürünc medal uğrunda belaruslu Maksim Zaxarovla güləşib və 3:1 hesablı qələbəylə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Nurlan İbadzadə (60 kq) sloveniyalı Reno Simunkoviçə tam üstünlüklə (8:0) qalib gəlsə də, 1/4 finalda belaruslu Kiril Valeuskiyə “tuş”la məğlub olmuşdu. İbadzadə bu gün təsəlliverici görüşdə fransalı Bilel Qarbiyə heç bir şans tanımayıb – 1:9. Nurlan bürünc medal uğrunda görüşdə ermənistanlı Samvel Terteryana uduzub – 0:8.
Mikayıl İsmayılov (92 kq) xorvatiyalı Andrey Rodinə 8:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlsə də, rusiyalı Saypula Qadjimaqomedova 0:4 hesabıyla uduzmuşdu. İsmayılov bu gün təsəlliverici görüşdə serbiyalı Stefan Kojiçə xalların keyfiyyətinə görə (4:4) məğlub olub.
Xatırladaq ki, Avropa çempionatı iyunun 18-də başa çatacaq.


