Azərbaycanın cüdo üzrə böyüklərdən, gənclərdən və yeniyetmələrdən ibarət komandaları bu gün Avropa kubokunda mübarizə aparıblar. Arena.az xəbər verir ki, böyüklərdən ibarət yığmamız Bosniya və Herseqovinada təşkil olunmuş Avropa kubokunda daha iki medal qazanıb.
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən yarışın ikinci və sonuncu günündə Məhərrəm İmamverdiyev (-81 kq) qızıl medala sahib olub. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Kərim Allahverdiyev 5-ci yerlə kifayətlənib. Aslan Mirzəyev (-100 kq) isə bürünc medal əldə edib. Eyni çəkidə digər cüdoçumuz Ruslan Nəsirli yarışı 7-ci yerdə tamamlayıb.
Beləliklə, Azərbaycan cüdoçuları Sarayevodakı Avropa kubokunu 6 medalla başa vurublar. İki gün davam edən yarışda 13 idmançımız medallar uğrunda mübarizə aparıb. İdmançılarımız yarışda ümumilikdə 3 qızıl, 1 gümüş və 2 bürünc medal əldə ediblər. Yarışın ilk günündə Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmışdılar.
Azərbaycan bu Avropa kubokunda medal əyarına görə ümumi hesabda 2-ci, kişilər arasında isə 1-ci yeri tutub.
20-21 mayda İspaniyanın Malaqa şəhərində də gənclər arasında Avropa kuboku keçirilib. Azərbaycan cüdoçuları yarışın ilk günündə 1 qızıl və 1 bürünc medal qazanmışdılar. Turnirin ikinci günündə isə Kənan Nəsibov (+100 kq) gümüş medala layiq görülüb. -81 kq. çəkidə Ömər Rəcəbli yarışı 5-ci yerdə başa vurub.
Beləliklə, cüdoçularımız turnirdə ümumilikdə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq oğlanlar arasında dördüncü, ümumi komanda hesabında beşinci yeri tutub.
20-21 mayda Polşanın Bielsko Biala şəhərində də yeniyetmələr arasında Avropa kuboku baş tutub. Azərbaycan cüdoçuları turnirində 1 qızıl, 1 gümüş və 4 bürünc medal əldə ediblər. Komandamız yarışda medal əyarına görə ümumi hesabda 5-ci, qızlar arasında isə 2-ci yeri tutub.
Yarışın ilk günündə cüdoçular 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etmişdilər. Turnirin ikinci günündə isə oğlanların yarışında Eldar Əliyev (+90 kq) bürünc medal qazanıb. Tuncay Şamil (-90 kq) isə 7-ci yer yerdə qərarlaşıb.
Beləliklə, cüdo yığmalarımız üç Avropa kubokundan bütövlükdə 15 medalla qayıdır.


