Avropa Oyunları: Taekvondo yığmamız 2 medalla başladı

Polşanın Krakov şəhərində təşkil olunmuş 3-cü Avropa Oyunlarında bu gün taekvondo yarışlarına da start verilib.

Arena.az xəbər verir ki, ilk gün taekvondo üzrə Azərbaycan millisi üçün uğurlu alınıb.

Belə ki, dayanq üzərinə çıxan yığmamızın dörd üzvündən ikisi çıxışını medalla başa vurub.

54 kq çəkidə mübarizə aparan Səyyad Dadaşov 1/8 finalda Xalid Abdel Halimini (Almaniya) sınağa çəkib. Rəqibini 2:0 hesabı ilə məğlub edən taekvondoçumuz 1/4 finalda Lübomir Boqdanova (Bolqarıstan) da eyni hesabla qalib gəlib. O, yarımfinalda isveçli Ebrahim Marvan üzərində də hər iki raundda qələbə qazanıb. Avropa çempionu finalda ispaniyalı Hüqo Vaskes ilə döyüşüb və rəqib 2:1 hesabı ilə üstün olub. Nəticədə Dadaşov Avropa Oyunlarını gümüş medalla bitirib.

Qaşım Maqomedov (58 kq) 1/8 finalda Aymen Açninedən (Niderland) üstün olub – 2:0. O, ardınca Adrian Visenteyə (İspaniya) eyni hesabla məğlub olsa da, rəqib finala kimi irəlilədiyindən təsəlliverici görüşə qatılıb. İsrailli Dmitri Naqayevlə üz-üzə gələn təmsilçimiz 2:0 hesabı ilə qalib gəlib. Maqomedov bürünc medal uğrunda qarşılaşmada italiyalı Matias Lombartire ilə qüvvəsini sınayıb. O, inamlı qələbə sayəsində Avropa Oyunlarını bürünc medalla başa vurub.

Minayə Əkbərova (46 kq) 1/8 finalda Sofiya Zampettiyə (İtaliya) məğlub olsa da, rəqibin irəliləməsi taekvondoçumuzun bürünc medal yolunu açıb. Həmyerlimiz təsəlliverici döyüşdə Avropa Olimpiya Komitələrinin bayrağı altında çıxış edən Dina Puryunesə 2:0 hesabı ilə qalib gələrək, üçüncü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. O, Kiriaki Kouttouki (Kipr) ilə gücünü yoxlayıb və döyüş rəqibin qələbəsiylə yekunlaşıb.

Patimat Abakarova (49 kq) isə 1/8 finalda Sufarada Kisskalta (Almaniya) 0:2 hesabı ilə məğlub olub və mübarizəni erkən dayandırıb.

Xatırladaq ki, Azərbaycan Avropa Oyunlarında 8 taekvondoçu ilə təmsil olunur.