Karate üzrə Azərbaycan milli komandasının üzvü Tural Ağalarzadə Polşada keçirilən 3-cü Avropa Oyunlarında qızıl medal qazanıb.
Arena.az xəbər verir ki, bu, həm də Azərbaycanın Krakovdakı Avropa Oyunlarında ilk medalı olub.
67 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda yunanıstanlı Dionisios Ksenosdan üstün olub. Hakimlər rəqibə hansoku (diskvalifikasiya cəzası), Ağalarzadəyə isə qələbə veriblər.
Bu gün mübarizəyə qoşulmuş digər kişi karateçimiz Əminağa Quliyev (60 kq) uğur qazana bilməyib. Qadın karateçilərimizdən Mədinə Sadıqova (55 kq) və Fidan Teymurova (50 kq) da medalsız qalıblar.
Tural Ağalarzadə yarışdan sonra qazandığı uğurla bağlı fikirlərini bölüşüb. O, bunları dilə gətirib:
“Bu gün qalib gələcəyimi hiss edirdim. Tarix yazdım. Məni dəstəkləyən hər kəsə, bizim üçün bu şəraiti yaradan ölkəmizin başçısına, eyni zamanda, məşqçilərimə, ailəmə və sevdiklərimə təşəkkür edirəm. Finala qədər çətin döyüşlərim oldu. Həlledici görüşdə isə üçqat Avropa çempionu Dionisios Ksenosla üz-üzə gəldim. Taktiki gedişləri döyüşdən öncə hazırlamışdıq. Psixoloji və fiziki cəhətdən çox hazır idim”.


