Azərbaycanın qadın karateçisi İrina Zaretska Polşanın Krakov şəhərində təşkil olunmuş 3-cü Avropa Oyunlarının qalibi olub.
Arena.az xəbər verir ki, 68 kq-da çıxış edən idmançımız əvvəlcə ukraynalı Qalina Melniki (5:0), ardından erməni rəqibi Anita Makyanı (8:0) məğlub edib. O, üçüncü duelində ispaniyalı İzabel Nyetonu çətinliklə (4:3) məğlubiyyətə uğradıb. 27 yaşlı karateçi bununla minimum bürünc medalı təmin edib.
İdmançımız yarımfinalda fransalı Alize Ajyeni 3:0 hesabı ilə məğlub edib. O, qızıl medal uğrunda qarşılaşmada isveçrəli Yelena Kuiriçi ilə üz-üzə gəlib. Zaretska finaldakı rəqibinə də 4:1 hesabı ilə qalib gəlib.
Beləliklə, İrina Zaretska karyerası ərzində ikinci dəfə Avropa Oyunlarının qalibi olub. O, Bakı-2015-də də qızıl medala sahib çıxmışdı. Titullu idmançı 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçirilmiş analoji yarışda isə ikinci yerlə kifayətlənmişdi.
Digər qadın karateçimiz Fəridə Əliyeva (68) isə qrupdakı hər üç görüşünü uduzaraq, mübarizəni erkən dayandırıb.
Kişi karateçilərimizdən Asiman Qurbanlı da Avropa Oyunlarını medalla başa vurub. 84 kq-dan yuxarı çəkidə çıxış edən idmançımız B qrupundakı ilk görüşündə ispaniyalı Babakar Sakoya 6:4 hesabı ilə qalib gəlib. 31 yaşlı idmançı növbəti qarşılaşmada gürcüstanlı Qoqita Arkaniya ilə bacarmayıb – 1:2. Son döyüşdə isə bosniya və herseqovinalı Anes Bostanjiçi 9:1 hesabı ilə məğlub edən Azərbaycan karateçisi adını yarımfinala yazdırıb. Asiman yarımfinalda xorvatiyalı Andelo Kvesiçə uduzub – 3:5. Bu məğlubiyyətə baxmayaraq, Qurbanlı bürünc medal əldə edib.
Digər karateçimiz Fərid Ağayev isə mübarizəni erkən dayandırıb. 21 yaşlı idmançı 75 kq çəki dərəcəsində yer aldığı B qrupundan yarımfinala yüksələ bilməyib. İlk iki görüşündə müvafiq olaraq ukraynalı Andrey Zaplitnı (1:2) və italiyalı Daniele De Vivoya (2:5) məğlub olan Ağayev portuqaliyalı Tyaqo Migel Qonçalveslə heç-heçə edib – 0:0.
Bu iki mükafatla Azərbaycan idmançılarının 3-cü Avropa Oyunlarındakı medallarının sayı 3-ə çatıb. Hər 3 mükafatı karateçilər əldə ediblər. Belə ki, ötən gün Tural Ağalarzadə (67 kq) də qızıl medal qazanmışdı.


