Yeni yaradılan və Avropa futbolunu bir-birinə vuran Super Liqa, ABŞ bankı tərəfindən maliyyələşdiriləcək.
Arena.az xəbər verir ki, böyük qalmaqala səbəb olan bu turnirin “JP Morgan” bankı tərəfindən maliyyələşdiriləcəyi bəlli olub.
Bu barədə sözügedən bankın yaydığı məlumatda bildirilib. “JP Morgan” Avropa Super Liqasına 6 milyard dollar ayıracaq.
UEFA, Çempionlar Liqasında iştirak edən 32 komandaya təxminən 2 milyard avro verir. ÇL-in qalibi olan komandalar 120 milyon avroya qədər gəlir əldə edir. Yeni yaradılan Avropa Super Liqasında isə hər bir iştirakçı ÇL-in qalibi olan komandadan ikiqat artıq qazanc əldə edəcək.
İllik gəlirdən əlavə olaraq, ilkin mərhələdə klublara mövcud problemlərini yoluna qoymaq, koronavirus pandemiyasının yaratdığı maliyyə çətinliklərini aradan qaldırmaaq üçün 3.5 milyard avro veriləcək. Bu maliyyə dəstəyini də “JP Morgan” verəcək.
Qeyd edək ki, “JPMorgan Chase & Co.” şirkətinin baş ofisi ABŞ-ın Nyu-York şəhərində yerləşir. Bu, ABŞ-ın ən böyük bankıdır və toplam gəliri 2.687 trilyon dollardır. “JP Morgan” bazar dəyərinə görə dünyanın ən dəyərli bankları siyahısında da 9-cu yerdə gedir.
Xatırladaq ki, Avropanın öndə gedən klublarından 12-si Avropa Super Liqası adıyla yeni turnir yaratmağa qərar verib. Bura İngiltərədən “Arsenal”, “Mançester Yunayed”, “Mançester Siti”, “Liverpul”, “Çelsi”, “Tottenhem”, İspaniyadan “Atletiko”, “Barselona”, “Real”, İtaliyadan isə “Milan”, “İnter” və “Yuventus” daxildir. Avropa Super Liqasının prezidenti postuna Madrid “Real”ının prezidenti Florentino Peres təyin olunub.
UEFA, FİFA, Avropa Klublar Birliyi, İngiltərə, İspaniya, İtaliya Futbol Federasiyaları dərhal bu turniri tanımadıqlarını, orada iştirak edəcək klublara ciddi sanksiyalar tətbiq olunacağını bəyan ediblər. Super Liqaya qatılacaq klubların həm yerli turnirlərə, həm də UEFA və FİFA bayrağı altında təşkil olunan yarışlara buraxılmayacağı bildirilib. Hətta bu klubların formasını geyinən futbolçuların ölkələrinin milli komandasında oynamasına da qadağa qoyulacaq.


