İngiltərə, Almaniya, İtaliya və İspaniya çempionatlarının rəhbərlikləri FİFA-da islahatların aparılmasını tələb edən bəyanat yayıblar.
Arena.az xəbər verir ki, birgə bəyanat İngiltərə Premyer Liqasının rəsmi saytında yayımlanıb.
Sözügedən ölkələr milli komandaların oyun təqviminin genişləndirilməsi ilə bağlı maraqlar toqquşmasına diqqət çəkiblər.
İyul ayında FİFA prezidenti Canni İnfantinonun təşkilatın əsas kişi və qadın yarışlarına nəzarət edəcək şirkət yaratmaq istədiyi məlum olmuşdu. Onun fikrincə, FIFA Forward Enterprise şirkətinin yaradılması FİFA üzvü olan assosiasiyaların gəlirlərini artıra və bütün dünyada futbolun inkişafına töhfə verə bilərdi. FİFA isə bu layihənin 4,2 milyard dollar gəlir gətirə biləcəyini açıqlamışdı. Təşəbbüs futbol funksionerləri, federasiyalar və digər qurumlar tərəfindən ciddi tənqid olunmuşdu.
Bəyanatda bildirilir:
“Son illərdə futbolun çoxillik təməlləri fundamental idarəetmə problemi səbəbindən təhlükə altında qalıb. FİFA prezidenti özünü bu cür hallardan qorumaq əvəzinə, istismar ideyalarını fəal şəkildə təşviq edib. Futbolun maraqlı tərəfləri sonda FIFA Forward Enterprise proqramının dayandırılmasına nail olsalar da, onun yaradılmasına gətirib çıxaran şərtlər qalmaqdadır.
FİFA prezidenti islahatların zəruriliyini qəbul edib. Lakin FFE ilə bağlı qalmaqaldan sonra yalnız səthi və prosedur dəyişikliklərə baxmaq kifayət deyil. FİFA daxilində konstitusion sərhədlərin aydın şəkildə bərpası, o cümlədən ayrı-ayrı intizam məsələlərinin siyasi müdaxilədən qorunmasına təminat verilməsi üçün fundamental idarəetmə islahatına ehtiyac var”.
Liqaların rəhbərlikləri həmçinin milli komandaların beynəlxalq oyun təqviminin genişləndirilməsindən narazılıqlarını ifadə ediblər:
“Dünyadakı peşəkar futbolçuların təxminən 1 faizi dünya çempionatında iştirak edir. Qalan futbolçular və onların klubları milli liqalar dayandırıldıqda yarışlara fasilə verməli olurlar. Lakin FİFA beynəlxalq oyun təqvimini genişləndirmək və milli çempionatların dayandırılmalı olduğu müddətləri uzatmaq kimi bizə birbaşa təsir edən mühüm qərarları birtərəfli qaydada qəbul etdikdə, bu qərarlardan ən çox təsirlənən maraqlı tərəflər qərar qəbuletmə prosesində fəal iştirak etmirlər”.
Avropanın aparıcı liqalarının rəhbərlikləri hesab edir ki, FİFA milli assosiasiyaları, liqaları, klubları və kişi və qadın futbolçuları da əhatə edən əsas maraqlı tərəfləri təmsil edən daimi qurum yaratmalıdır.
Bəyanata görə, yeni qurum FİFA-nın yeni təşəbbüsləri barədə tam məlumatlandırılmalı və təşkilatın qərar qəbuletmə prosesində mühüm rol oynamalıdır.
Həmçinin vurğulanıb ki, FİFA-nın futbolun tənzimləyicisi və qoruyucusu kimi rolu təşkilatın qlobal yarışların kommersiya təşkilatçısı funksiyasından etibarlı institusional təminatlarla qorunmalıdır. Bunun etimadın, legitimliyin və hesabatlılığın qorunması üçün vacib olduğu bildirilib.
Qeyd edək ki, 56 yaşlı Canni İnfantino 2016-cı ilin fevralında FİFA prezidenti seçilib və daha sonra iki dəfə alternativsiz qaydada yenidən bu vəzifəyə seçilib. Təşkilatın növbəti prezident seçkiləri 2027-ci ilin martında keçiriləcək.


