Konfrans Liqasının 1/16 final mərhələsinin ilk oyununda evdə “Bodo Qlimt”ə qarşı oyun (2:2) “Ayaks” üçün antirekordla əlamətdar olub.
Arena.az məlumat verir ki, Niderland nəhəngi avrokuboklar çərçivəsində keçirdiyi ardıcıl 10-cu oyununda qol buraxıb.
Beləliklə, Amsterdam təmsilçisi ardıcıl qollar buraxmaq üzrə klubun antirekordunu təkrarlayıb. Sözügedən klub ilk belə halla 2019-cu ilin dekabrından 2021-ci ilin fevralına qədər avrokuboklarda çıxışı zamanı üzləşib.
Ümumiyyətlə, Niderland nəhəngi tarixinin ən uğursuz dövrlərindən birini yaşayır. Amsterdam təmsilçisinin işləri “ölüb, yerdən götürəni yoxdur” mənzərəsini xatırladır.
İndi “Ayaks”ı Avropa Konfrans Liqasının 1/16 final mərhələsinin cavab oyununda “Bodo Qlimt”ə qarşı Norveç səfəri gözləyir. Oyun fevralın 22-də keçiriləcək.


