Ayose Peres “Lester Siti”ni La Liqa klubuna dəyişdi

İngiltərə Premyer Liqasını tərk edən “Lester Siti”nin sol cinah vingeri Ayose Peres İspaniyanın “Betis” klubuna transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.

İspaniyadan olan futbolçu ilə 4 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. O, La Liqa təmsilçisinə azad agent kimi qoşulub.

Ayose Peres 2019-cu ilin yayında “Nyukasl”dan 33,4 milyon avro qarşılığında “Lester Siti”yə keçmişdi. O, bu komandada 114 oyun keçirib, 15 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu “Nyukasl” (195 oyun, 48 qol, 17 assist) və “Tenerife” (51 oyun, 17 qol, 7 assist) klublarında da forma geyinib.

Ayose 2022/2023 mövsümünün ikinci hissəsini icarə əsasında məhz “Betis”də keçirib. Peres bu komandada 21 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. 29 yaşlı vinger vaxtilə İspaniyanın U-21 yığmasında da 2 oyun keçirib.

“Betis” mərkəz müdafiəçisi Edqar Qonsaleslə də yollarını ayırıb. 26 yaşlı futbolçu “Almeriya”ya transfer olunub. İspan müdafiəçi yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. O, 2018-ci ildən formasını geyindiyi “Betis”də 80 oyun keçirib, 2 qol və 1 assistlə yadda qalıb. Müdafiəçi “Espanyol”un ikinci komandasında, “Korneliya” və “Real Ovyedo”da da oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: