Voleybol üzrə Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova növbəti dəfə Macarıstan Kubokunun qalibi olub.
Arena.az xəbər verir ki, 31 yaşlı oyunçunun şərəfini qoruduğu “Vaşaş Obuda” Macarıstan Kubokunun 2024/2025-ci illər mövsümünün qalibi adını qazanıb.
Azərbaycanlı voleybolçunun komandası finalda KNRC ilə üz-üzə gəlib. “Vaşaş Obuda” rəqibini 3:1 hesabı ilə üstələyərək beşinci dəfə Macarıstan Kubokuna sahib çıxıb.
Ayşən Abduləzimova bu uğuru ilə bağlı Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlama verib:
“Təbriklər üçün hər kəsə təşəkkür edirəm. Mən 5-ci dəfə Macarıstan kubokunun qalibi oldum. Buna görə çox sevincliyəm. Final oyunu gərgin alındı, buna baxmayaraq, 3:1 qalib gəldik. Komandamızı təbrik edirəm.
Ümumiyyətlə, mövsüm bizim üçün çox sıx qrafiklə davam edir. Kubok başa çatsa da, Macarıstan liqasında və avrokubokda mübarizəmiz davam edir. Hazırda bütün fikirlərimiz avrokubokdadır. Bilirsiniz ki, sabah çox vacib oyunumuz olacaq. CEV kubokunun yarımfinalında cavab qarşılaşmasına çıxacağıq. Bütün oyunçular, məşqçilər heyəti, hamımız sabahkı oyuna köklənmişik”.


