Azər Bağırov “Kəpəz”dən ayrıldı – Rəsmi

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparanda “Kəpəz”in baş məşqçisi Azər Bağırov Gəncə klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə 40 yaşlı mütəxəssis özü açıqlama verib.

“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünün sonuncu turunda “Turan Tovuz”un qonağı olub. Gəncə təmsilçisi 36-cı turun görüşündən 0:4 hesablı məğlubiyyətlə ayrılıb.

“Kəpəz”in baş məşqçisi Azər Bağırov qarşılaşmadan sonra baş tutmuş mətbuat konfransında öncə matçı dəyərləndirib, daha sonra isə klubdan ayrıldığını açıqlayıb:

“Oyun barəsində çox danışmağa dəyməz. Nəticə oyun başlamamış bəlli idi. Tovuzluları təbrik edirəm.

Dünən futbolçularla görüş oldu. Həmin görüşün neqativ nəticəsi də bu gün meydanda göründü. Rəhbərliklə fikirlərimiz üst-üstə düşmədi. Belə qərara gəldik ki, yollarımızı ayıraq. “Kəpəz” barədə çox danışmaq istəmirəm. Mənim öz baxışlarım var.

Futbolçuların bilərəkdən nələrsə etdiyini düşünmürəm. Heç vaxt belə bir şey ola bilməz. Mənim burada haqqım var. Ona görə haqqım var ki, vaxtımın çoxunu burada keçirmişəm, hətta ailəmdən daha çox vaxt ayırmışam. Mən həmişə futbolçulara bir söz demişəm ki, həmişə düz olmalısan. Düz olsan, hər şey rahat olacaq.

Əsla peşman deyiləm. Bəlkə, həftələr əvvəl bu baş versəydi, “Kəpəz” Premyer Liqada qalmayacaqdı. Amma mən düşünürəm ki, bu azarkeşlər gələn il də “Kəpəz”i burada görməlidirlər. Çünki Gəncəyə böyük futbol yaraşır.

Aleksey Baqanın gəlməsi ilə bağlı mediadan oxuyurduq. Amma belə deyim, şərtlər məni qane etmədi, mən komandadan ayrılıram. Kim gəlirsə, gəlsin, əsas odur Gəncədə futbol yaşasın”.

Oyundan sonra “Kəpəz” də rəsmi açıqlama yayıb. Klub baş məşqçi Azər Bağırovla yolların ayrıldığını bəyan edib. Tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığın davam etdirilməməsini qərara alıblar. Gəncə klubu Azər Bağırova göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Azər Bağırov cari mövsümün əvvəlində “Kəpəz”in baş məşqçisi təyin olunmuşdu. 40 yaşlı mütəxəssis bu komandanı 34 oyuna çıxarıb, 10 qələbə, 8 heç-heçə və 16 məğlubiyyət görüb. “Kəpəz” mövsümü 32 xalla 10 iştirakçı arasında 9-cu pillədə başa vurub və elitadakı yerini qoruyub.

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev də oyundan sonra fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyundan məmnunam. Mövsümün son matçında azarkeşlərimizi sevindirə bildik. Daha da yaxşı oynaya bilərdik. Matçdan öncə bu mövsüm “Kəpəz”dən aldığımız 2:5 hesablı məğlubiyyəti də komandanın yadına saldıq. Amma oyundan əvvəl belə böyük hesabla qələbə qazanacağımızı düşünmürdük”.

Xəbəri sosial şəbəkələrdə paylaş: