Azər Bağırov: “Şamaxı”nın əsas üstünlüyü də budur”

“Şamaxı”nın baş məşqçisi Azər Bağırov Premyer Liqanın 6-cı turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azər Bağırov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun oldu. Bilirdik və gözləyirdik ki, “Araz-Naxçıvan” daha çox hücum edəcək. Altı tur içərisində bəlkə də ən həyəcanlı oyunlarımdan biri idi. Çünki qol epizodlarından istifadə etmədikcə, qarşılığını görürsən. Bu epizodlar məni çox üzür. Amma irəliyə baxıb, müdafiədə və hücumda daha səlist oynamağa çalışacağıq. “Şamaxı” azarkeşlərinə də dəstəyə görə təşəkkür edirəm.

Qələbəmizdə ehtiyatda oturan futbolçunun bəlkə də meydançadakı futbolçudan daha çox payı var. Çünki motivasiya, bir-birimizə dəstək olmağımız çox önəmlidir. Mehriban kollektivimiz var, əsas üstünlüyümüz də budur”.

“Araz-Naxçıvan”ın baş məşqçisi Zaur İsmayılov isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:

“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Birinci hissədə müdafiədə iki kobud səhvə yol verdik. Ondan sonra da qapımızda penaltilər gördük. Birinci penalti bir az mübahisəlidir. Baş hakim qərar verdi, sonra VAR-dan çağırdılar, epizoda çox baxdı. Yəqin ki, qapıçımızın topu çıxardıqdan sonra ikinci epizoddakı toxuşunun olub-olmadığına baxırdılar. Birinci epizod mübahisəli idi, ancaq ikinci epizodda penalti var idi.

Ağadadaş Salyanski ehtiyatda oturanda da məşqlərdə daim çalışırdı. Sonradan da start heyətinə düşdü və ardıcıl qollar vurdu. Bu gün ikinci qolunu da vura bilərdi. Amma top dirəkdən qayıtdı. Yaxşı hal odur ki, ardıcıl qollar vurur.

Müdafiədə kobud səhvlərimiz olur. Bunlar üzərində maksimum işləmək lazımdır. Hücumda da ələ düşən epizodları vurmaq gərəkdir. Qarşıdakı fasilə dönəmində çatışmazlıqların üzərində işləyəcəyik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: