Azər Bağırov yenidən “Kəpəz”də! – Rəsmi

“Kəpəz”in sabiq baş məşqçisi, elə bu klubdan ayrılandan bəri işsiz olan Azər Bağırov yenidən Gəncə təmsilçisinə qayıdıb.

Arena.az bu barədə “sarı-göylər”in mətbuat xidmətinə istinadən xəbər verir.

41 yaşlı mütəxəssis köhnə-yeni klubu ilə müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.

Xatırladaq ki, “Kəpəz” ötən mövsümdə də Bağırovun rəhbərliyi altında çıxış edib. 2024/2025-ci illər mövsümündə o, Premyer Liqanın 5-ci turundan sonra Gəncə klubunun sükanı arxasına gətirilmişdi. Cari mövsümdə isə Azər Bağırov 6-cı turdan sonra bu komandanı toparlamağa çalışacaq.

Maraqlıdır ki, hər iki halda “Kəpəz” Adil Şükürovu istefaya göndərib və onu Azər Bağırovla əvəzləyib. Ötən mövsümdə olduğu kimi, Bağırov yenə Gəncə təmsilçisini 0 xalla sonuncu pillədə qəbul edir. Ötən mövsüm o, bu komandanı elitada saxlamağı bacarmışdı. Bu dəfə necə olacağını isə zaman göstərəcək.

41 yaşlı mütəxəssis ötən mövsüm bu komandanı 34 oyuna çıxarıb, 10 qələbə, 8 heç-heçə və 16 məğlubiyyət görüb. “Kəpəz” mövsümü 32 xalla 10 iştirakçı arasında 9-cu pillədə başa vurub.

Adil Şükürov isə bu ilin yayında məhz Azər Bağırovun gedişindən sonra yenidən bu komandanın sükanı arxasına keçmişdi. O, Gəncə təmsilçisini cari mövsümdə cəmi 5 oyuna çıxarıb və hamısında məğlubiyyətə üzülüb. “Turan Tovuz”la son oyuna isə bu komandanı Gəncə klubunun əvəzedicilərinə rəhbərlik edən Xaliq Mərdanov çıxarmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: