“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Premyer Liqanın 5-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Gəncədə baş tutmuş görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Azər Məmmədov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Hər oyunda qələbə qazanacaq gücdə deyilik. Amma biz hər oyuna qələbə üçün çıxacağıq, qələbəni istəyəcəyik. Ötən turdakı 1:4 hesablı məğlubiyyətdən sonra özümü və komandamızı çox analiz etdim. Düşündüm ki, komandamız hələlik hər oyunda bir nömrə və qələbə üçün oynamağa hazır deyil. Allah qoysa, gələcəkdə şəhərimizin azarkeşləri güclü “Kəpəz” görəcəklər. Bəzi qeyri-səmimi olan azarkeşlərimiz var. Hansı ki, hər məğlubiyyətdən sonra “Kəpəz” haqda mənfi sözlər danışırlar, sosial şəbəkələrdə də belə edirlər. Burada oturan baş məşqçiyə, “Kəpəz” camiəsinə imkan verməsələr, komanda hər zaman belə olacaq. İstədikləri hegemon, əvvəlki “Kəpəz”i görmək çətin olacaq. Burada işləyən hər məşqçiyə zaman vermək lazımdır ki, mərhələ-mərhələ “Kəpəz”i əvvəlki durumuna gətirsin. İstər mən olum, istərsə də başqası.
Biz “Qəbələ”ni analiz edəndə çox dinamik komanda kimi görmüşdük. Çox yaxşı komandaya qarşı oynayırdıq. Analizimiz də düzgün oldu. Bəzi futbolçular var, onları zərərsizləşdirdik ki, oyunları alınmasın. Futbolçularımız möhtəşəm oynadılar. Ötən turdakı məğlubiyyətə görə çox məyus idim. Həm də oyuna görə. Amma bu gün uduzsaydıq da, məyus olmayacaqdım.
Bu dəqiqə futbolda maliyyə önəmlidir. Etiraf edək ki, maliyyə vəziyyəti yaxşı olanda daha bahalı futbolçu gətirirsən. Bizim müəyyən büdcəmiz var və bu büdcəyə uyğun çox yaxşı komanda yığmışıq. O komandanın gücünə uyğun da futbol oynayırıq. “Şamaxı” ilə bir nömrə oynamaq istəyirdik. Ancaq komandamız hazırda həm gözəl, həm də bir nömrə oynamağa hələlik hazır deyil. Bizə zaman lazımdır. Çempionat yeni başlayıb. Yaşadığımız hər gün bizim üçün təcrübədir. Həmin oyundan sonra analiz etdim ki, bəlkə burada belə etməməli idik. Bu qələbədən sonra daha da təcrübəli olmuşam. Ona görə də eyforiyaya nəinki mən, heç kim qapılmayacaq”.
“Kəpəz” bizdən daha istəkli idi” – Amil Ağacanov
“Qəbələ”nin məşqçisi Amil Ağacanov isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:
“Stadionda çox möhtəşəm ab-hava var idi. Belə stadionlar, belə azarkeşlərlə Azərbaycan futbolu inkişaf edəcək.
Oyuna gəlincə, ikinci hissədə daha yaxşı təsir bağışladıq. İkinci yarıda ilk hissəyə baxanda daha çox topa nəzarət etdik. Birinci hissədə top itkilərimiz çox oldu. Bu gün bizdə aqressiya yox idi. Ola bilər ki, hansısa futbolçu fərdi cəhətdən güclü olsun, amma istək-xarakter olmasa, çox çətin olacaq. Bu gün rəqib bizdən daha istəkli idi və qələbə qazandı”.


