Azərbaycan Basketbol Liqasının qalibi “Sabah” oldu!

Bu gün Azərbaycan Basketbol Liqasının 2022/2023 mövsümündə final seriyasının sonuncu – beşinci oyunu baş tutub. Arena.az xəbər verir ki, mövsümün finalçıları – “Sabah” və “Gəncə” komandaları yenə “Sərhədçi” İdman Mərkəzində üz-üzə gəliblər.

Həlledici oyunun əsas vaxtında qalib müəyyənləşməyib. Bu üzdən də qarşılaşma əlavə vaxta gedib. Gərgin və maraqlı oyunun yekununda “Sabah” rəqibi üzərində 86:85 hesablı qələbəyə sevinib.

Nəticədə final seriyasında ümumi hesabı 3:2 edən “Sabah” komandası Azərbaycan Basketbol Liqasında 2022/2023 mövsümünün çempionu olub.

Beşinci final görüşünün ən məhsuldar basketbolçusu “Gəncə”dən Kollin Törner olub – 26 xal, 11 asist. Qalib komandanın heyətində isə Entoni Patti fərqlənib – 24 xal, 13 ribaund.

Bütövlükdə, final seriyasının ən dəyərli oyunçusu (MVP) da amerikalı Entoni Patti seçilib.

Xatırladaq ki, final seriyasının ilk oyununda “Sabah” 71:69 hesabı ilə qalib gəlsə də, ikinci final görüşü “Gəncə”nin xeyrinə yekunlaşmışdı – 78:74. Üçüncü final qarşılaşması yenə “Sabah”ın xeyrinə bitmiş (93:90), “Gəncə” isə dördüncü oyunda oxşar hesabla (93:90) qalib gələrək yenidən tarazlığı bərpa etmişdi.

Reqlamentə əsasən, super seriyada ən tez üç qələbə qazanmış kollektiv 2022/2023 mövsümü üzrə Azərbaycan çempionu olacaqdı.

Azərbaycan Basketbol Liqasının 2022/2023 mövsümünün bürünc medallarını isə NTD qazanıb. Bu komanda mayın 19-da “AAAF Xırdalan”a qarşı keçirdiyi 3-cü yer uğrunda oyundan 100:79 hesablı qələbə ilə ayrılıb.

Xatırladaq ki, “Gəncə” NTD ilə yarımfinal seriyasının ümumi hesabında 2:1 hesabıyla üstün olmuşdu (101:73, 76:105, 106:103). “Sabah” isə “AAAF Xırdalan”ı elə ilk iki oyunda üstələyərək (86:71, 83:77) finala yüksəlmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: