Bu gün Bakıda yerləşən “Dreamland” qolf klubunun yaxınlığında şose velosipedi üzrə Azərbaycan kubokunun ikinci mərhələsi keçirilib. Arena.az xəbər verir ki, ölkə kuboku Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığıyla baş tutub.
Yarışda idmançılar fərdi ötüşmə növündə mübarizə aparıblar. Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar 15 km, yeniyetmə oğlanlar və qadınlar isə 10 km məsafə qət ediblər.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda ümumilikdə 43 velosipedçi medallar uğrunda mübarizə aparıb.
Elit/U23 yaş kateqoriyasında kişilər arasında Elçin Əsədov (Sakarya BB Pro Team, 19:22.38) hamıdan yaxşı nəticə göstərərək birinci olub. Samir Cəbrayılov (MSN, 19:23.40) ikinci, Kamran Mirzəxanov (Sərhədçi, 20:33.20) üçüncü yerə layiq görülüblər.
Gənc oğlanların yarışında Tural İsrafilov (ROEQİUGVM, 19:59.29) bütün rəqiblərindən sürətli olub. Ömər Musayev (ROEQİUGVM, 20:48.11) ikinci, Hüseyn Nərimanov (ROEQİUGVM, 22:16.34) üçüncü yerlə kifayətləniblər.
Yeniyetmə oğlanların mübarizəsində Ravi Rzayev (ROEQİUGVM, 15:21.83) Azərbaycan kubokunun qızıl medalına layiq görülüb. Turqut Qurbanlı (ROEQİUGVM, 16:29.63) gümüş, Artyom Proskuryakov (Təhsil RİM, 16:50.26) bürünc medal qazanıblar.
Qadınlar arasında isə Lalə Əbdürəhmanova (ROEQİUGVM, 17:28.75) hamını qabaqlayaraq birinci olub. Məryəm Əfqanzadə (ROEQİUGVM, 17:38.60) ikinci, Diana Sidorenko (ROEQİUGVM, 18:19.30) üçüncü yerdə qərarlaşıblar.
Xatırladaq ki, şose velosipedi üzrə Federasiya kubokunun birinci mərhələsi martın 11-də Gəncə şəhərində təşkil olunmuşdu. Həmin turnirin qaliblərinin siyahısı ilə buradan tanış ola bilərsiniz.


