Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Gürcüstanda keçirilən dünya kubokunun mərhələ yarışında iştirak edib. Arena.az xəbər verir ki, qonşu ölkənin Batumi şəhərində baş tutan yarış komandamız üçün uğursuz alınıb.
Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova və Palina Kaspiaroviçdən ibarət Azərbaycan millisi komanda yarışında 8-ci yeri tutub.
İlk görüşdə Gürcüstan seçməsinə 45:27 hesabı ilə qalib gələn qadın sablyaçılarımız, növbəti görüşdə Almaniya millisini 45:43 hesabı ilə məğlub edərək ən güclü 8-liyə yüksəlib. Komandamız yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə dünya kubokunun Batumidə keçirilən mərhələ yarışında birinci olan Ukrayna yığmasına 37:45 hesabı ilə uduzub. Sablya üzrə qadınlardan ibarət komandamız 5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə Yaponiya (31:45) və Macarıstan (42:45) yığmalarına da məğlub olub.
Şəxsi yarışda Palina Kaspiaroviç ən güclü 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə turniri qızıl medalla başa vuran fransız Sara Balzara məğlub olub – 6:15. Səbinə Kərimova isə ən güclü 8-liyə vəsiqə uğrunda keçirilən görüşdə turnirin finalçısı olan digər Fransa təmsilçisi Karolin Queroliyə uduzub – 6:15. Anna Başta isə çinli Yaqi Şaoya 13:15 hesabıyla uduzaraq ən güclü 8-likdən kənarda qalıb.


