Azərbaycan millisi dünya kubokunda 8-ci yeri tutdu

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Yunanıstanın paytaxtı Afinada keçirilən dünya kubokunda iştirak edib. Arena.az xəbər verir ki, millimiz komanda yarışında ilk görüşünü Argentina yığmasına qarşı keçirib.

Anna Başta, Sevil Bünyatova, Palina Kaspiaroviç və Valeriya Bolşakovadan ibarət kollektiv bu rəqibə 45:26 hesabı ilə qalib gəlib.

Komandamız ardınca ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Polşa millisini 45:39 hesabı ilə məğlub edib. Sablyaçılarımız yarımfnala yüksəlmək uğrunda keçirilən qarşılaşmada Fransa seçmə kollektivinə 24:45 hesabı ilə uduzub. Yığmamız 5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə İspaniya (40:45) və Yunanıstan millilərinə (29:45) məğlub olaraq turniri 8-ci sırada başa vurub.

Hazırda qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi dünya reytinqində 7-ci sırada qərarlaşıb.

Afinadakı dünya kubokunda qadın sablyaçıların şəxsi yarışı da Azərbaycan idmançıları üçün uğursuz alınıb. Turnirə əsas mərhələdən qatılan Anna Başta ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə İtaliya təmsilçisi Miçela Battistona 14:15 hesabı ilə uduzub. Sevil Bünyatova, Palina Kaspiaroviç və Valeriya Bolşakova isə əsas mərhələnin ilk görüşündə mübarizəni dayandırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: