Azərbaycan millisi reytinq turnirinə 13 güləşçi ilə yollanır

Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan millisi sabah Macarıstanın paytaxtı Budapeştdə başlayacaq reytinq turnirində iştirak edəcək.

Arena.az xəbər verir ki, seriyanın sonuncu mərhələsində məhz bu iki milli komandamız təmsil olunacaq.

İyulun 16-na qədər davam edəcək yarışda sərbəst güləş üzrə yığmanın 2 üzvü – Abubakr Abakarovla (86 kq) Maqomedxan Maqomedov (97 kq) məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında uğur qazanmağa çalışacaq.

Komandanın digər üzvləri isə hazırda Vladiqafqazda təlim-məşq toplanışı keçir. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında baş tutan hazırlıq prosesi iyulun 22-nə qədər davam edəcək.

İyunun 29-dan Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında Almaniya və İsveç yığmalarıyla birgə toplanışda iştirak edən yunan-Roma güləşi üzrə Azərbaycan millisi isə sabah Budapeştə yollanacaqlar. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında 11 güləşçimiz mübarizə aparacaq:

Nihat Məmmədli, Murad Məmmədov (hər ikisi 60 kq)
Həsrət Cəfərov (67 kq)
Ülvü Qənizadə (72 kq)
Sənan Süleymanov (77 kq)
Rafiq Hüseynov (82 kq)
İslam Abbasov (87 kq)
Arif Niftullayev, Murat Lokyayev (hər ikisi 97 kq)
Sabah Şəriəti və Beka Kandelaki (hər ikisi 130 kq)

Güləşçilərimiz Budapeştdə baş tutacaq sonuncu reytinq turnirində iştirak etdikdən sonra bu ölkədə qalacaqlar. Onlar burada bir neçə yığmayla birgə təlim-məşq toplanışı keçəcəklər. Komandamız vətənə iyulun 30-da qayıdacaq.

Xatırladaq ki, reytinq turnirində I-S kateqoriyalı hakimlərimizdən Asif Şirəliyev və Sədi Quliyev ədaləti qoruyacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: