Yeniyetmə və gənc stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Türkiyədə təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək. Arena.az xəbər verir ki, “Pro-Tur” yarışında mübarizə aparacaq idmançılarımız artıq qardaş ölkəyə yola düşüblər.
Antalyada təşkil olunan turnirdə 10 idmançımız bacarığını göstərəcək. Martın 19-dan 22-dək qızlar etimadı doğrultmağa çalışacaqlar. Baş məşqçi Fərhad İsmayılov bu yarışda Ləman Abdulhəmidova, Zemfira Mikayilova, Arzu Aslanova, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədlidən ibarət heyətə güvənəcək.
Oğlanlardan ibarət Azərbaycan millisi isə Antalya sınaqlarına martın 22-də qatılacaqlar. Ramil Cəfərovla Elnur Hidayətzadənin rəhbərliyi altında Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Adil Əhmədzadə mükafatlar uğrunda mübarizə aparacaq.
Xatırladaq ki, beynəlxalq dərəcəli hakimlər Könül Mikayılova ilə Zaur Mikayılov turnirin oyunlarını idarə edəcəklər.


