Azərbaycan millisi Zaqrebdəki Avropa kubokunda birinci oldu!

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində yeniyetmələr arasında keçirilən cüdo üzrə Avropa kuboku Azərbaycan millisi üçün uğurlu alınıb. Arena.az xəbər verir ki, Azərbaycan cüdoçuları ötən gün start götürən və bu gün yekun vurulan turnirdə bütövlükdə 8 (3 qızıl, 1 gümüş və 4 bürünc) medal qazanıblar.

Turnirin ilk günündə cüdoçularımız 1 qızıl və 4 bürünc medal əldə ediblər. İlk gündə qızların yarışında -40, -44, -48 və 52 kq çəki dərəcələrində 14 cüdoçumuz qüvvəsini sınayıb. Oğlanların yarışında isə -50, -55, -60 və -66 kq çəki dərəcələrində 17 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

Əhməd Rüstəmov (-50 kq) bürünc medal uğrunda görüşdə gürcüstanlı idmançı Luka Omanadzeyə qalib gələrək yarışı 3-cü yerdə başa vurub.

-55 kq çəkidə Həsən Həsənli və Fərid Qarayev turnirin bürünc medalını qazanıblar. Eyni çəki dərəcəsində mübarizə aparan Mirxaliq İskəndərov finalda Qazaxıstan təmsilçisi Oralbek Bayzaka qalib gələrək qızıl medal əldə edib.

Ümüd Qurbanov (-60 kq) bürünc medal uğrunda görüşdə serbiyalı cüdoçu Velko Simiki üstələyib.

Qızların mübarizəsində Vüsalə Hacıyeva (-48 kq) 5-ci, Gülşən Hüseynova (-40 kq) 7-ci yerlə kifayətlənib. Oğlanlar arasında isə Ayxan Mirzəzadə (-55 kq) 5-ci yerə çıxıb.

Turnirin ikinci günündə isə oğlanların yarışında Süleyman Şükürov (-73 kq) finalda polşalı idmançı Şimon Bjuşinskini məğlub edərək qızıl medal qazanıb. Aslan Kotsoyev (-81 kq) final görüşündə Lüksemburq təmsilçisi Miça Velterə qalib gələrək komandamızın aktivinə üçüncü qızıl medalı yazdırıb. Ramazan Əhmədov (+90 kq) isə turnirin gümüş medalçısı olub. Hüseyn Eyvazlı (-81 kq) da yarışı 5-ci yerdə tamamlayıb.

Beləliklə, Azərbaycan millisi yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub. Ölkəmiz bu yarışda 50 nəfərdən ibarət heyətlə təmsil olunub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: