Azərbaycan üzgüçüləri Şoprondan 32 medalla qayıdırlar

Azərbaycan üzgüçüləri Macarıstanın Şopron şəhərində təşkil olunmuş beynəlxalq turnirdən yüksək nəticələrlə vətənə dönüblər. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, aprelin 13-dən 16-na qədər Macarıstanın Şopron şəhərində üzgüçülük üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Turnirdə Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası da mübarizə aparıb.

Almaniya, Fransa, Macarıstan, Slovakiya, Xorvatiya kimi güclü komandaların da mübarizə apardığı turnurdə millimizin üzvləri bütövlükdə 32 medal qazanıblar. Azərbaycan üzgüçüləri 14 qızıl, 8 gümüş və 10 bürünc medal əldə ediblər.

18 idmançıdan ibarət komandanın üzvlərindən fərqlənənlər bunlar olublar:

Məryəm Cavadova – 3 qızıl, 1 gümüş medal
Oqtay Hüseynov – 2 qızıl, 1 gümüş, 1 bürünc medal
Amin Oruclu – 1 qızıl medal
Fərhad Şirməmmədli – 1 qızıl, 2 gümüş, 1 bürünc medal
Xumar Müstafayeva – 1 qızıl, 1 bürünc medal
Daniyal Muhəmməd – 2 qızıl medal
Anastasiya Boborkina – 1 qızıl, 1 bürünc medal
Əbdürrəhman Rüstəmov – 2 qızıl, 2 gümüş, 1 bürünc
Timur Beker – 1 qızıl, 1 bürünc
Mehri Abdürrəhmanlı – 1 gümüş medal
Vlastina Xasyanova – 1 gümüş, 1 bürünc medal
Orxan Əliyev – 1 bürünc medal
Sura Katerina – 1 bürünc medal
Ramal Sadıqlı – 1 bürünc medal

Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Əbdürrəhmanov turnirdəki uğurlu çıxışı belə şərh edib: “Bu, üzgülük üzrə çox mötəbər bir beynəlxalq turnir idi. Dünyanın su idman növlərinin ən inkişaf etmiş ölkələri bu yarışda iştirak edirdi. Bu, idmançılarımız üçün böyük beynəlxalq təcrübə oldu. Üzgüçülərimiz bu turnirdə yaxşı nəticələr qazandılar. Bu, onun göstəricisidir ki, federasiyanın su idman növləri üzrə strategiyası düzgün istiqamətdə inkişaf edir. Komandamızın bu yarışda iştirakına dəstək verdiyi üçün Azərbaycan Gənclər və İdman Nazirliyinə, Azərbaycan Üzgüçülük Federasiyasına minnətdarlığımızı bildiririk”.

Xəbəri sosial şəbəkələrdə paylaş: