Badu Ndiaye Şahruddinin komandasından ayrıldı

Futbol üzrə Seneqal milli komandasının mərkəz yarımmüdafiəçisi Badu Ndiaye Türkiyənin “Adana Dəmirspor” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

33 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Onun Türkiyə klubu ilə sözləşməsinin müddəti 2025-ci ilin 30 iyununda bitəcəkdi.

Badu Ndiaye “Adana Dəmirspor”a 2022-ci ilin yayında gəlmiş və 3 illik müqaviləyə imza atmışdı. Bu mövsüm 11 oyuna çıxan futbolçu Adana təmsilçisində bütövlükdə 44 matç keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli yarımmüdafiəçi daha öncə Türkiyədə “Qalatasaray”, “Osmanlıspor”, “Trabzonspor” və “Fatih Karagümrük”ün də formasını geyinib. O, karyerası ərzində “Bodo Qlimt”, “Aris” (Saloniki), “Əl-Əyn” kimi klublar üçün tər töküb.

Ndiaye 2015-ci ilin sentyabrında debüt etdiyi Seneqal milli komandasında 32 oyun keçirib və 2 qola imza atıb.

Hazırda azad agent statusu daşıyan futbolçunun karyerasını harada davam etdirəcəyi bilinmir.

Əvəzində “Adana Dəmirspor” İran milli komandasının sol cinah müdafiəçisi Milad Məhəmmədini heyətinə qatıb. Afina AEK-indən gələn 30 yaşlı futbolçu ilə 2,5 illik müqavilə imzalanıb. Transferin digər detalları açıqlanmayıb.

Milad Məhəmmədi daha öncə “Rah Ahan”, “Axmat” (Qroznı), “Gent” kimi klubların da formasını geyinib. O, 2021-ci ildən uğurları üçün çalışdığı Yunanıstan klubunun heyətində 56 oyuna çıxıb, 1 qol və 3 assistlə yadda qalıb.

Milad 2015-ci ilin yayında debüt etdiyi İran millisinin heyətində 56 oyuna çıxıb və 1 qolla yadda qalıb.

Xatırladaq ki, “Adana Dəmirspor”da Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev də forma geyinir.