Badu Ndiaye yenidən Türkiyəyə qayıtdı

Türkiyənin “Qalatasaray” klubunun sabiq yarımmüdafiəçisi, Seneqal millisinin üzvü Badu Ndiaye yenidən Super Liqaya qayıdıb. Arena.az xəbər verir ki, 31 yaşlı futbolçunu bu dəfə “Adana Dəmirspor” klubu heyətinə qatıb.

Bu barədə Adana klubunun rəsmi saytı məlumat yayıb. O, yeni klubu ilə 3 illik müqavilə imzalayıb.

Ndiaye peşəkar karyerasına ölkəsinin “Diambars” klubunda başlayıb. 2012-2015-ci illər aralığında Norveçin “Bodo Qlimt” komandasında çıxış edən oyunçu, 2015-ci ildə Türkiyəyə üz tutub. Onun qardaş ölkədəki ilk komandası “Osmanlıspor” olub. 2017-2018 mövsümündə “Qalatasaray”da çıxış edən oyunçu, rekord transfer məbləği qarşılığında İngiltərənin “Stok Siti” klubuna transfer olunmuşdu. 2021-ci ilə qədər “Stok Siti”də qalan futbolçu, bu komandada möhkəmlənə bilmədiyi üçün əvvəlcə “Qalatasaray”ın özünə, ardından “Trabzonspor” və “Fatih Karagümrük” klublarına icarəyə verilmişdi. Son olaraq Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Əyn”də icarədə oynayan futbolçu, 2021/22 mövsümünün əvvəlində Yunanıstanın “Aris” komandasına transfer olunmuşdu. O, məhz Saloniki təmsilçisindən ayrılaraq “Adana Dəmirspor”a gəlib.

Seneqal yığmasında 32 oyun keçirmiş Badu Ndiaye bu matçlarda cəmi 2 qol vura bilib.