Bu gün Bakıdakı Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə dünya kubokuna start verilib. Arena.az xəbər verir ki, yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov dünya kubokunun ölkəmizdə yeddinci dəfə təşkil olunduğunu bildirib.
O qeyd edib ki, 2016-cı ildə Bakıda ilk dəfə bu növ üzrə dünya “Challenge” kuboku, “AGF Trophy”, 2017-ci ildən etibarən isə dünya kuboku yarışları ənənəvi olaraq uğurla keçirilir.
Elnur Məmmədov bildirib ki, təmsilçilərimiz “London-2012”, “Rio-2016”, “Tokio-2020” Yay Olimpiya oyunlarında təmsil olunub. Azərbaycan gimnastları Avropa və dünya çempionatlarında, eləcə də digər mötəbər beynəlxalq yarışlarda mükafatçılar sırasında yer alıblar.
Bu dünya kubokunda Azərbaycanla yanaşı, 48 ölkədən 173 gimnast çıxış edir. Bu, ölkəmizdə gimnastika növləri üzrə keçirilən dünya kuboku yarışları tarixində iştirakçı ölkə sayına görə rekord göstəricidir.
Dörd gün davam edəcək yarışın ilk iki günündə təsnifat, sonrakı iki günündə isə final mərhələləri keçiriləcək. Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Azərbaycan dünya kubokuna dörd idman gimnastı ilə qatılıb. Belə ki, yarışda ölkəmizin idman şərəfini Samirə Qəhrəmanova, Nazənin Teymurova, Nikita Simonov və İvan Tixonov qoruyacaqlar.


