Bakıdakı dünya kuboku başa çatdı, finalçılarımız medalsız qaldılar

Martın 9-dan 12-dək Bakıdakı Milli Gimnastika Arenasında keçirilən kişi və qadın idman gimnastikası üzrə dünya kuboku başa çatdı. Arena.az xəbər verir ki, sonuncu yarış günündə kişi gimnastlar dayaqlı tullanma, dəstəli at və turnik üzrə qalibləri müəyyənləşdiriblər.

Qadın gimnastlar isə gimnastika tiri və sərbəst hərəkətlər üzrə proqramlarını nümayiş etdiriblər.

Dünya kubokunun final mərhələsinə vəsiqə qazanan Azərbaycanın son iki gimnastı İvan Tixonov turnik, Nazənin Teymurova isə sərbəst hərəkətlər proqramında mübarizə aparıblar. Təəssüf ki, onlar həlledici mərhələdə uğur qazana bilməyib. Həm Tixonov, həm də bu ildən etibarən böyüklər arasında mübarizə aparmağa başlamış Teymurova yekunda 8-ci yeri tutub.

Xatırladaq ki, Azərbaycan idmançılarından bu dünya kubokundakı ən yüksək nəticəni Nikita Simonov qazanıb. Bu il Dohada keçirilən dünya kubokunda bürünc mükafata layiq görülən təmsilçimiz uğurlu çıxışını Bakıda da davam etdirib. O, elə təsnifat mərhələsindəki çıxışı ilə öz sözünü deməyi bacarıb. Bu mərhələdə 1-ci olan idmançımız finalda da bütün rəqiblərini üstələyərək dünya kubokunda bayrağımızı yüksəldib, himnimizi səsləndirib.

Azərbaycan milli komandası doğma meydandakı bu dünya kubokuna bütövlükdə dörd idmançı ilə qatılmışdı. Nikita Simonov, İvan Tixonov və Nazənin Teymurova ilə yanaşı, Samirə Qəhrəmanova da mötəbər turnirdə qüvvəsini sınadı. Lakin o, mübarizəni elə təsnifat mərhələsindəcə dayandırdı.

Bununla da, Azərbaycanda keçirilən daha bir dünya kuboku uğurla yekunlaşdı. Bu, ölkəmizdə gimnastika növləri üzrə keçirilən 2023-cü ilin ikinci beynəlxalq yarışı idi. Yarış Azərbaycan üçün bir sıra məqamlarla yaddaqalan oldu. Belə ki, ölkəmizdə gimnastika növləri üzrə keçirilən dünya kubokları tarixində iştirakçı ölkə sayına görə rekord göstərici qeydə alındı. Mübarizəyə 48 ölkədən 173 idmançı qoşulmuşdu.