Balotelli Dovbiki Halandla müqayisə etdi

İtaliya yığmasını sabiq futbolçusu Mario Balotelli “Roma”nın ukraynalı hücumçusu Artyom Dovbik və onun oyunu haqda fikirlərini paylaşıb.

Arena.az hazırda azad agent olan italyan futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Deyərdim ki, Dovbik futbolçu növünə görə Erlinq Halanda oxşayır, necə və hansı qəddarlıqla ki hücum edir. Onun bu üslubu var – çox yaxşı koordinasiyaya malik deyil, amma görünür ki, o, güclüdür və cərimə meydançasında qol vurmağı bacarır. O, qollarda ikiqat rəqəmə çatacaq”, Balotelli həmkarına inamını vurğulayıb.

Xatırladaq ki, “Roma” Dovbiki bu yay 30,5 milyon avro məbləğ müqabilində “Jirona”dan transfer edib. Bəzi internet mənbələrində keçidin əlavə üstəliklər də daxil olmaqla, 37 milyon avro məbləğ müqabilində razılaşdırıldığı haqda məlumat var. Ukraynalı futbolçu “canavarlar”la 5 illik – müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə razılaşdırıb.

Artyom Dovbik futbola “Slavutiç” (Çerkası) klubunda (sonralar “Çerkasski Dnepr” və “Çerkaşşina” – redaktorun qeydi) qədəm qoyub. Ukraynalı hücumçu karyerası ərzində “Dnepr”, “Zarya” (Beltsı), “Midtyulland”, “Sönderyyuske”, “Dnepr-1” və “Jirona”da çıxış edib.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Dovbik “Jirona”nın heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 24 qol vurub və 10 məhsuldar ötürmə verib.

“Roma”da isə ukraynalı futbolçu 4 oyun keçirib, 1 qola imza atıb.

Artyom Dovbik 2021-ci ilin martında debüt etdiyi Ukrayna yığmasının heyətində 31 oyuna 10 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.

Artyom Dovbikin qənimətlər muzeyində “Midtyulland”la qazandığı Danimarka çempionluğu (2017/2018 və 2019/2020) və Danimarka Kuboku (2018/2019), həmçinin “Sönderyyuske” ilə əldə etdiyi daha bir Danimarka Kuboku (2019/2020) və “Zarya” ilə qalibi olduğu Moldova Kuboku (2015/2016) var.

Fərdi uğurlara gəlincə, Dovbik “Dnepr-1”-in heyətində 2021/2022-ci və 2022/2023-ci illər mövsümündə müvafiq olaraq 14 və 24 qolla 2 dəfə Ukrayna Premyer Liqasının və “Jirona”nın heyətində 2023/2024-cü illər mövsümündə İspaniya La Liqasının 24 qolla ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı ukraynalı hücumçunun transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: