Bosniya və Herseqovina yığmasının baş məşqçisi Sergey Barbarez DÇ-2026-nın qrup mərhələsinin son turunda Qətərə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, bosniyalılar bu oyunda 3:1 hesablı qələbəyə seviniblər.
Sergey Barbares matçdan sonra sevincini gizlətməyib. Bosniyalı mütəxəssis komandasının tarixi uğura imza atdığını vurğulayıb:
“Biz tarix yazmaq istəyirdik, lakin belə nəticə əldə edəcəyimizi düşünmürdük. Əlbəttə, biz həmişə əlimizdən gələni etməyə çalışırıq və qazandığımız uğurla fəxr edirik. Bosniyadan çox sayda təbrik mesajı almışam və bu, möhtəşəm hissdir. Vətənə qayıtdıqdan sonra azarkeşlərlə birlikdə bunu qeyd etmək çox gözəl olacaq. Yəqin ki, bütün bunları tezliklə daha yaxşı dərk edəcəyik. Hazırda nə qədər xoşbəxt olduğumu təsvir etməyə söz tapa bilmirəm”.
Qətər yığmasının baş məşqçisi Xulen Lopeteqi isə 1:3 hesablı məğlubiyyətdən və komandasının turnirlə vidalaşmasından sonra futbolçularını müdafiə edib. İspaniyalı mütəxəssis görüşün taleyini rəqibin vurduğu ilk qolun həll etdiyini bildirib:
“Həlledici məqam rəqibin inanılmaz ilk qolu oldu. Daha sonra isə biz iki səhvə yol verdik və onlar bundan maksimum yararlandılar. Ən yüksək səviyyəli futbolda belə hallar baş verir”.
Lopeteqi hesab edir ki, komandası məğlubiyyətə baxmayaraq, daha artığına layiq idi:
“Fikrimcə, biz çox şeyi düzgün etdik, sadəcə, bu gün futbol bizi mükafatlandırmadı. Daha artığına layiq idik. Oyunçular güclü xarakter və böyük ürək nümayiş etdirdilər. Hətta ilk hissədə hesabı bərabərləşdirmək üçün kifayət qədər imkanlarımız var idi”.
Qətər millisinin çalışdırıcısı komandasının topa nəzarət oyununu inkişaf etdirməli olduğunu da qeyd edib:
“Topu itirdiyimiz zaman daha həssas komandaya çevrilirdik. Buna baxmayaraq, futbolçularımla fəxr edirəm. Bizim rəqibdən daha çox təhlükəli epizodumuz oldu, lakin onlardan yararlana bilmədik”.
Lopeteqi əlavə edib ki, dünya çempionatında qazanılan təcrübə gənc futbolçuların inkişafı üçün mühüm rol oynayacaq:
“Bu təcrübə gənc oyunçuların gələcəkdə öyrənməsinə və daha güclü olmasına kömək etməlidir. Dünya çempionatında yenidən oynamaq şansının olub-olmayacağını heç vaxt bilmirsən. Ümid edirik ki, bu, bizim mundialdakı son oyunumuz olmayacaq”.


