“Barselona” canını sanksiyadan qurtardı?

“Neqreyra işi”nə dair qalmaqalda adı hallanan “Barselona” növbəti Çempionlar Liqasından kənarlaşdırılmayacaq.

Arena.az bu haqda Kataloniya klubu üzrə ixtisaslaşmış ispan jurnalist Jerar Romeroya istinadən məlumat verir.

Bir qədər əvvəl UEFA-nın etika və nizam-intizam komitəsi tərəfindən “Neqreyra işi”ni araşdırmaq üçün təyin edilmiş iki müfəttişinin klubun bir il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırılmalı olduğu qənaətinə gəldiyini qeyd etmişdik.

Bildirilib ki, müfəttişlər artıq hesabatlarını UEFA-ya təqdim ediblər. Komandanın avrokuboklarda iştirakı ilə bağlı qərar yaxın 10 gün ərzində verilməlidir. Çünki artıq iyunun 12-də UEFA növbəti Çempionlar Liqasının iştirakçılarının tərkibini təsdiqləməlidir.

Məlumatda UEFA prezidenti Aleksander Çeferinin artıq müfəttişlərin hesabatlarını öyrənib və qərar qəbul etmək üçün fasilə verdiyi deyilirdi. İki variantın mümkünlüyü: “Barselona”ya barəsində məhkəmə işi açıb klubu İspaniya ədalət təmsilçilərinin öhdəsinə buraxamaq və yaxud klubu bir il müddətinə Çempionlar Liqasından kənarlaşdırmaq ehtimalları vardı.

İspan jurnalistin iddialı məlumatına rəğmən, KİV UEFA-nın rəsmi bəyanatını gözləyir.