“Barselona” Rafinya, Torres və Levandovskini də itirdi

İspaniya çempionu “Barselona” aparıcı futbolçularından Rafinya, Robert Levandovski və Ferran Torresin də xidmətindən məhrum olub.

Arena.az xəbər verir ki, buna səbəb sözügedən oyunçuların zədədən əziyyət çəkməsidir.

Rafinya zədə səbəbindən La Liqanın 9-cu turunda qarşılaşacaqları “Jirona” ilə oyunu buraxacaq. Braziliyalı hücumameyilli yarımmüdafiəçi 6-cı turda “Real Ovyedo”ya qalib gəldikləri görüşdə sağ bud nahiyəsindən zədələnmişdi. Futbolçu komandasının son məşqlərini buraxmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, Rafinya cari mövsümdə 7 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

Robert Levandovski Polşa millisinin toplanışı zamanı ciddi zədə alıb. Onun sol bud nahiyəsində ciddi zədə aşkarlanıb. Hücumçunun yaşıl meydanlara qayıdışı müalicənin gedişatından asılı olacaq.

Qeyd edək ki, Levandovski bu mövsüm Kataloniya komandasının heyətində meydana çıxdığı 9 matçda 4 qola imza atıb.

Ferran Torres də İspaniya millisinin heyətindən zədəli qayıdıb. O, DÇ-2026-nın seçmə mərhələsində Bolqarıstan yığmasına qarşı keçirdikləri oyunda da iştirak edə bilməyib. Hücumçunun əzələsində yüklənmə aşkarlanıb. O, bu səbəbdən milli komandanın düşərgəsindən erkən ayrılıb. Torresin də dəqiq nə vaxt hazır olacağı hələ bilinmir.

Xatırladaq ki, daha öncə “Barselona”nın yarımmüdafiəçisi Dani Olmo da zədə səbəbindən İspaniya millisinin düşərgəsini erkən tərk etmiş və klubunun düşərgəsinə qayıtmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: