“Barselona”da Rafinya şoku

İspaniya Super Kubokunun “Osasuna”ya qarşı oyunu “Barselona”nın braziliyalı sağ vingeri Rafinya üçün xoşagəlməz sonluqla başa çatıb.

Arena.az “Barselona”nın rəsmi saytına istinadən məlumat verir ki, futbolçu sol budunun ikibaşlı bud əzələsini zədələyib.

“Barselona”nın 2:0 hesabı ilə qələbə qazandığı oyunun 42-ci dəqiqəsində zədələnmiş Rafinyanı Lamin Yamal əvəzləyib.

Aparılmış müayinələr braziliyalı vingerin hazırda qeyri-müəyyən müddətə sıradan çıxdığını təxmin etsə də, Kataloniya klubunun tibbi heyəti sonrakı müayinələrin aparılacağını və nəticəsi haqda məlumat verəcəyəni açıqlayıb.

Artıq Rafinyanın “Real”a qarşı İspaniya Super Kubokunun final oyununu buraxacağı dəqiqdir. “Mundo Deportivo”nun iddiasına görə, futbolçunun təxminən bir ay yaşıl meydanlardan kənarda qalması ehtimalı var.

Xatırladaq ki, Yanvarın 14-də Səudiyyə Ərəbistanında baş tutacaq “Real”la “Barselona” arasındakı final qarşılaşmasına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Rafinya Braziliyanın “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyulunda “Barselona” Rafinyanı 58 milyon avro müqabilində heyətinə tarnsfer edib. Braziliyalı vingerin Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsemdə Rafinya “blauqrana”nın heyətində 20 oyuna çıxıb, 4 qol vurub, 7 məhsuldar ötürmə verib. O, Kataloniya klubu ilə 2022/2023 mövsümündə İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun qalibi olub.

Rafinya 2021-ci ilin oktyabırnda debüt etdiyi Braziliya millisinin heyətində 19 oyuna çıxıb, 6 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı braziliyalı vingerin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.