Futbol üzrə Braziliya milli komandasının və İspaniya çempionu “Barselona”nın sağ cinah vingeri Rafinya zədələnib.
Arena.az xəbər verir ki, braziliyalı futbolçu La Liqanın 8-ci turunda “Sevilya”ya qarşı matçda sıradan çıxıb.
O, 1:0 hesabıyla qalib gəldikləri qarşılaşmanın 37-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb.
Rafinyanın ən azı bir ay yaşıl meydanlardan uzaq qalacağı iddia olunur. Belə olan halda o, oktyabrın 28-də keçiriləcək “Real”la “el klasiko”nu da buraxacaq.
Kataloniya klubunun yarımmüdafiəçiləri Pedri və Frenki de Yonq da “Real”la görüşdə zədə səbəbindən oynamayacaqlar.
Xatırladaq ki, Rafinya “Barselona”ya 2022-ci ilin iyul ayında İngiltərənin “Lids” klubundn 58 milyon avro qarşılığında keçib. O, bu komandada indiyə qədər 57 oyuna çıxıb, 12 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub.
“Vitoriya” (Gimaraynş), “Lids”, “Sportinq” və “Renn”də də oynamış 26 yaşlı vinger Braziliya milli komandasında 18 matça çıxıb, 6 qola imza atıb.


