“Barselona”dan ayrılan Jordi Alba üçün 3 “elçi”

Bir müddət əvvəl “Barselona” ilə müqaviləsini ləğv etmiş ispan sol cinah müdafiəçisi Jordi Alba ilə maraqlanan klubların siyahısı bəlli olub.

Arena.az xəbər verir ki, onu Madrid “Atletiko”su, “Benfika” və “İnter” öz heyətində görmək istəyir.

Bu barədə məsələni diqqətdə saxlayan jurnalist Fernando Polo “Twitter” hesabında məlumat paylaşıb.

34 yaşlı Alba “Barselona”nın yetirməsidir. 2005-ci ildə “Barselon”nın akademiyasını tərk edən müdafiəçi, yeddi il sonra doğma komandasına qayıdıb.

Cari mövsümdə Jordi Alba “Barselona”nın heyətində 30 oyunda 2 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib.

Albanın Kataloniya klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaqdı. Amma tərəflər əməkdaşlığa qarşılıqlı razılıq əsasında vaxtından əvvəl xitam veriblər.

“Transfermarkt” internet-portalı futbolçunu 5 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl Albanın maaşının böyük hissəsini kluba bağışladığı bildirilmişdi.