Basketbol: “Cəlilabad” Gəncədən məğlub qayıtdı

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 16-cı turunun növbəti qarşılaşması keçirilib.

Arena.az xəbər verir ki, dördüncü oyun günündə də bir görüş baş tutub.

Günün yeganə qarşılaşması Gəncə Olimpiya İdman Kompleksində keçirilib. Burada “Gəncə” yerli publika önündə “Cəlilabad”ı qəbul edib.

Bu oyun cənublular üçün böyük əhəmiyyət kəsb edirdi. Lakin bu görüşdə, cüzi pley-off şansları olan “Gəncə” rəqibi üzərində 103:91 hesablı qələbə qazanaraq, “Cəlilabad”ın pley-off şanslarını xeyli azaldıb. Qalib komandanın ən məhsuldar basketbolçusu Culs Mur olub – 32 xal, 11 ribaund. “Cəlilabad”da isə Rişon Conson fərqlənib – 23 xal, 6 assist.

16-cı turun son oyunu (“NTD-İndiqo” – “Neftçi”) aprelin 7-də keçiriləcək. Turun daha öncə baş tutmuş oyunlarında “Xırdalan” “Sərhədçi”yə (112:105), “Sabah” “Şəki”yə (93:80), “Sumqayıt” “Xəzri”yə (84:77) qalib gəlib.

Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Turnir cədvəli

  1. Sabah (16 oyun, 13 qələbə, 3 məğlubiyyət) – 29 xal
  2. Xəzri (16 oyun, 13 qələbə, 3 məğlubiyyət) – 29 xal
  3. Neftçi (15 oyun, 11 qələbə, 4 məğlubiyyət) – 26 xal
  4. NTD-İndiqo (15 oyun, 11 qələbə, 4 məğlubiyyət) – 26 xal
  5. Xırdalan (16 oyun, 10 qələbə, 6 məğlubiyyət) – 26 xal
  6. Sərhədçi (16 oyun, 6 qələbə, 10 məğlubiyyət) – 22 xal
  7. Sumqayıt (16 oyun, 6 qələbə, 10 məğlubiyyət ) – 22 xal
  8. Cəlilabad (16 oyun, 5 qələbə, 11 məğlubiyyət) – 21 xal
  9. Gəncə (16 oyun, 4 qələbə, 12 məğlubiyyət) – 20 xal
  10. Şəki (16 oyun, 16 məğlubiyyət) – 15 xal
Xəbəri sosial şəbəkələrdə paylaş: