Basketbol: Lider Sumqayıtda məğlubiyyətə üzüldü

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 16-cı turunun növbəti qarşılaşması keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də bir görüş baş tutub.

Günün yeganə qarşılaşması Sumqayıt Olimpiya İdman Kompleksində keçirilib. Burada “Sumqayıt” yerli publika önündə çempionatın lideri “Xəzri”ni qəbul edib. Oyuna fəal başlayan “Sumqayıt” sonradan hesabda geriyə düşməsinə baxmayaraq, yekunda 84:77 hesablı qələbə qazanaraq sürprizə imza atıb. Lider üzərində qazanılan bu qələbə ilə sumqayıtlılar pley-off şanslarını xeyli artırıblar. Qalib komandanın ən məhsuldar basketbolçusu Tay Rendal olub – 25 xal, 9 ribaund. “Xəzri”də isə Cordan Perkins fərqlənib – 21 xal, 7 ribaund.

16-cı turun digər oyunları (“Gəncə” – “Cəlilabad”, “NTD-İndiqo” – “Neftçi”) aprelin 6-da və 7-də keçiriləcək. Turun daha öncə baş tutmuş oyunlarında “Xırdalan” “Sərhədçi”yə (112:105), “Sabah” isə “Şəki”yə (93:80) qalib gəlib.

Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Turnir cədvəli

  1. Sabah (16 oyun, 13 qələbə, 3 məğlubiyyət) – 29 xal
  2. Xəzri (16 oyun, 13 qələbə, 3 məğlubiyyət) – 29 xal
  3. Neftçi (15 oyun, 11 qələbə, 4 məğlubiyyət) – 26 xal
  4. NTD-İndiqo (15 oyun, 11 qələbə, 4 məğlubiyyət) – 26 xal
  5. Xırdalan (16 oyun, 10 qələbə, 6 məğlubiyyət) – 26 xal
  6. Sərhədçi (16 oyun, 6 qələbə, 10 məğlubiyyət) – 22 xal
  7. Sumqayıt (16 oyun, 6 qələbə, 10 məğlubiyyət ) – 22 xal
  8. Cəlilabad (15 oyun, 5 qələbə, 10 məğlubiyyət) – 20 xal
  9. Gəncə (15 oyun, 3 qələbə, 12 məğlubiyyət) – 18 xal
  10. Şəki (16 oyun, 16 məğlubiyyət) – 15 xal
Xəbəri sosial şəbəkələrdə paylaş: