Bu gün Şəki Olimpiya İdman Kompleksində baş tutan bir oyunla Azərbaycan Basketbol Liqasının 27-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, turun sonuncu oyununda “Olimpik Şəki” və “AAAF Xırdalan” komandaları üz-üzə gəliblər.
Oyunun ilk dövrəsindən üstünlüyü ələ keçirən Xırdalan təmsilçisi zəif rəqibi üzərində 113:79 hesablı asan qələbə qazanıb.
Şəki təmsilçisinin ən məhsuldar basketbolçusu Larri Robinson olub – 19 xal, 8 ribaund. Qalib komandanın heyətində isə Deymon Makdouel özündən söz etdirməyi bacarıb – 23 xal, 4 ribaund.
Xatırladaq ki, daha öncə “Neftçi” İK “Zirvə Astara”ya 90:103 hesabıyla uduzmuşdusa, “Sabah” “Sərhədçi”yə 89:86 hesabıyla qalib gəlmişdi. Ötən gün isə “Gəncə” NTD-ni 95:92 hesabıyla yenmişdi.
Qeyd edək ki, Azərbaycan çempionatında mövsümün əsas mərhələsinin sonuncu – 28-ci turunun oyunları aprelin sonunda baş tutacaq. Amma son turun nəticələrindən asılı olmayaraq, pley-off mərhələsində hansı komandaların mübarizə aparacağı bəllidir. “AAAF Xırdalan” müntəzəm mövsümü lider tamamlamış “Sabah”la, paytaxt klubu NTD isə region təmsilçisi “Gəncə” ilə qarşılaşacaq.
Hazırda Azərbaycan Basketbol Liqasında turnir cədvəlindəki vəziyyət belədir:
1. Sabah (27 oyun, 20 qələbə, 7 məğlubiyyət) – 47 xal
2. NTD (27 oyun, 19 qələbə, 8 məğlubiyyət) – 46 xal
3. Gəncə (27 oyun, 19 qələbə, 8 məğlubiyyət) – 46 xal
4. AAAF Xırdalan (27 oyun, 18 qələbə, 9 məğlubiyyət) – 45 xal
5. Sərhədçi (27 oyun, 14 qələbə, 13 məğlubiyyət) – 41 xal
6. Zirvə (27 oyun, 7 qələbə, 20 məğlubiyyət) – 36 xal
7. Neftçi İK (27 oyun, 9 qələbə, 18 məğlubiyyət) – 36 xal
8. Olimpik (27 oyun, 2 qələbə, 25 məğlubiyyət) – 29 xal


