Bu gün Azərbaycan Basketbol Liqasının 2022/2023 mövsümündə “Sabah” və “Gəncə” komandaları arasında final seriyasının 4-cü oyunu baş tutub. Arena.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində baş tutan budəfəki oyun Gəncə təmsilçisi üçün uğurlu alınıb.
Baxmayaraq ki, “Gəncə”nin kapitanı Amil Həmzəyev zədə səbəbindən bu oyunda iştirak etməyib. Əyalət komandası oyuna daha sürətli başlayıb. Start beşlikdə oyuna başlayan komanda üzvləri ilə sona qədər mübarizə aparan “Gəncə” qarşılaşmanın yekununda 93:90 hesablı qələbə qazanıb.
Qalib komandanın ən məhsuldar basketbolçusu Kollin Törner olub – 25 xal, 9 ribaund. “Sabah”da isə Entoni Patti fərqlənib – 27 xal, 7 ribaund.
Beləliklə, “Gəncə” super seriyada ümumi hesabı yenidən bərabərləşdirib – 2:2. İlk oyunda “Sabah” bu rəqibinə 71:69 hesabı ilə qalib gəlsə də, ikinci final görüşü “Gəncə”nin xeyrinə yekunlaşmışdı – 78:74. Üçüncü final qarşılaşması isə yenə “Sabah”ın xeyrinə bitmişdi – 93:90.
Final seriyasının həlledici – beşinci oyunu mayın 30-da keçiriləcək. Yenə eyni məkanda baş tutacaq qarşılaşmaya saat 19:30-da start veriləcək.
Reqlamentə əsasən, super seriyada ən tez üç qələbə qazanmış kollektiv 2022/2023 mövsümü üzrə Azərbaycan çempionu olacaq. İlk üç oyunda çempion müəyyənləşmədiyindən, əlavə oyunlar keçirilib. Mayın 30-dakı oyun qalibin müəyyənləşdirilməsi baxımından həlledici olacaq. Çünki qalib gələn tərəf çempionluq üçün lazım olan üçüncü qələbəyə çatmış olacaq.
Mayın 19-da Azərbaycan Basketbol Liqasında 3-cü yer uğrunda oyun keçirilib. Bürünc medal uğrunda “AAAF Xırdalan” və NTD komandaları üz-üzə gəliblər. Bir oyundan ibarət bu mübarizədən NTD basketbolçuları qalib ayrılıblar – 100:79.
Xatırladaq ki, “Gəncə” NTD ilə yarımfinal seriyasının ümumi hesabında 2:1 hesabıyla üstün olmuşdu (101:73, 76:105, 106:103). “Sabah” isə “AAAF Xırdalan”ı elə ilk iki oyunda üstələyərək (86:71, 83:77) finala yüksəlmişdi.


