Bu gün “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 2023/2024 mövsümünün final seriyasının üçüncü oyunu baş tutub.
Arena.az xəbər verir ki, bu mövsüm Azərbaycan çempionu adı uğrunda “Sabah” və “Xəzri” komandaları mübarizə aparırlar.
Bu kollektivlər arasında final seriyasının üçüncü oyunu bərabər mübarizə şəraitində başlayıb. Daha sonra üstünlüyü ələ keçirən “Sabah” yekunda 75:59 hesablı önəmli qələbə qazanıb. Bu qələbə ilə “Sabah” final seriyasının ümumi hesabında 2:1 önə keçib.
Qalib komandanın ən məhsuldar basketbolçusu Mayk Holton olub – 21 xal, 4 assist. “Xəzri”də isə Cordan Perkins fərqlənib – 16 xal, 7 ribaund.
Xatırladaq ki, bu komandalar arasında reallaşan ilk dueldə “Xəzri” (95:70), ikinci görüşdə isə “Sabah” (94:63) qələbə qazanıb. Final seriyasında üç qələbə qazanan kollektiv qızıl medallara sahib çıxacaq.
Final seriyasının dördüncü oyunu mayın 24-də keçiriləcək. “Sabah” bu oyunda qalib gəlsə, Azərbaycan çempionu olacaq. Əks halda tərəflər beşinci oyunda üz-üzə gələcəklər.


