Bu gün “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 27-ci turunun daha bir oyunu keçirilib. Arena.az xəbər verir ki, turun ikinci oyununda pley-offdan kənarda qalmış “Sərhədçi” ilə çempionatın lideri “Sabah” komandaları üz-üzə gəliblər.
Oyunun yekununda “Sabah” basketbolçuları rəqib üzərində 89:86 hesablı qələbə qazanıblar. Bu qələbədən sonra “Sabah” çempionatın şəriksiz liderinə çevrilib.
“Sərhədçi”nin ən məhsuldar basketbolçusu Trevor Blekmon olub – 26 xal, 6 ribaund. Qalib komandanın heyətində isə Entoni Patti fərqlənib – 33 xal, 4 ribaund.
Xatırladaq ki, ötən gün baş tutan turun ilk matçında pley-offdan kənarda qalmış “Neftçi” İK və “Zirvə Astara” komandaları üz-üzə gəlmişdilər. Astara basketbolçuları rəqib üzərində 103:90 hesablı qələbə qazanmışdılar.
Turun digər oyunları (“Gəncə” – NTD və “Olimpik Şəki” – “AAAF Xırdalan”) 22 və 23 apreldə baş tutacaq.
Hazırda Azərbaycan Basketbol Liqasında turnir cədvəlindəki vəziyyət belədir:
1. Sabah (27 oyun, 20 qələbə, 7 məğlubiyyət) – 47 xal
2. NTD (26 oyun, 19 qələbə, 7 məğlubiyyət) – 45 xal
3. Gəncə (26 oyun, 18 qələbə, 8 məğlubiyyət) – 44 xal
4. AAAF Xırdalan (26 oyun, 17 qələbə, 9 məğlubiyyət) – 43 xal
5. Sərhədçi (27 oyun, 14 qələbə, 13 məğlubiyyət) – 41 xal
6. Zirvə (27 oyun, 7 qələbə, 20 məğlubiyyət) – 36 xal
7. Neftçi İK (27 oyun, 9 qələbə, 18 məğlubiyyət) – 36 xal
8. Olimpik (26 oyun, 2 qələbə, 24 məğlubiyyət) – 28 xal


