Bu gün “Sərhədçi” İdman Mərkəzində keçirilən bir oyunla Azərbaycan Basketbol Liqasının (ABL) pley-off mərhələsinə start verilib. Arena.az xəbər verir ki, yarımfinal seriyasının ilk oyununda “Sabah” və “AAAF Xırdalan” komandaları qarşılaşıblar.
Oyuna sürətli başlayan “Sabah” basketbolçuları yekunda 86:71 hesablı qələbə qazanıblar. Bu qələbə ilə “Sabah” seriyada 1:0 önə keçib.
Qalib komandanın ən məhsuldar basketbolçusu Entoni Patti olub – 19 xal, 12 ribaund. “AAAF Xırdalan”da isə Deymon Makdouel fərqlənib – 26 xal, 9 assist.
Yarımfinal seriyasının ikinci oyunu mayın 9-da baş tutacaq.
Azərbaycan Basketbol Liqasında pley-off mərhələsində digər yarımfinal seriyası NTD ilə “Gəncə” arasında baş tutacaq. Bu komandaların ilk oyunu mayın 6-da “Sərhədçi” İdman Mərkəzində keçiriləcək. Oyuna saat 19:30-da start veriləcək.


