Basketbol üzrə 16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Andorrada keçirilən Avropa çempionatının C Divizionunda növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, millimiz yarımfinal görüşündə Gürcüstan yığması ilə üz-üzə gəlib.
Komandamız gərgin keçən bu oyunda hesabda geri düşməsinə baxmayaraq, sonda qələbə qazanmağı bacarıb. Belə ki, basketbolçularımız sonuncu dövrədə geridönüş edərək yekunda 74:72 hesabı ilə qalib gəliblər.
Bununla da bütün oyunları qalib tamamlayan millimiz Avropa çempionatının C Divizionunun finalına vəsiqə qazanıb. Həlledici oyunda millimizin rəqibi meydan sahibi Andorra seçməsi olacaq.
Bu gün keçiriləcək oyuna Bakı vaxtı ilə saat 21:30-da start veriləcək. Qarşılaşma FIBA-nın rəsmi “Youtube” hesabından canlı yayımlanacaq.
Xatırladaq ki, Azərbaycan yığması C Divizionunun qrup mərhələsində Moldova (78:55), Andorra (64:50) və Albaniya (69:64) yığmaları üzərində qələbəyə sevinmişdi.


